İranda qızların zəhərlənmə halları

İranda qızların zəhərlənmə halları

İranın Saqqız şəhərindəki Mirac qız liseyində təhsil alan tələbə qızların kimyəvi qazdan zəhərləndiyi iddia edilib.

SİA-nın əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülərə görə məktəbə gələn valideynlərlə mühafizəçilər arasında qarşıdurma yaşanıb.

Tələbələrin zəhərlənməsinə səbəb olan hücuma etiraz edən Saqqız əhalisi məktəbdə asılmış İran bayrağını endirərək, ölkənin dini lideri Əli Xamneyi əleyhinə şüarlar səsləndiriblər.

Paylaşmalarda məktəbə gələn təcili yardım maşınları ilə yanaşı, valideynlərin də öz imkanları ilə uşaqları xəstəxanalara apardıqları müşahidə olunub.

Ən azı 47 tələbənin xəstəxanaya yerləşdirildiyi, onlardan 20-dən çoxunun vəziyyətinin ağır olduğu iddia edilib.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra xəstələnərək xəstəxanaya yerləşdirilən 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi ölkədə hiddətə səbəb olub.

Sentyabrın 17-də Əmini üçün məmləkəti Saqqızda keçirilən dəfn mərasimindən sonra başlayan nümayişlər bir çox şəhərlərə yayılıb.

2022-ci il noyabrın 30-dan İranda əsasən qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib. İndiyədək 238 məktəbdə 5 mindən çox tələbə qız zəhərlənib.

Tələbələrdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və bədənin müxtəlif yerlərində uyuşma kimi simptomlar müşahidə olunur.

İran Daxili İşlər Nazirliyi martın 11-də verdiyi yazılı açıqlamada ölkə daxilində məktəblərdə baş verən kütləvi zəhərlənmə hadisələri ilə əlaqədə şübhəli bilinən 100-dən çox adamın saxlanıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə