Haaqa Vladimir Putinin həbsinə order verib

Haaqa Vladimir Putinin həbsinə order verib

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Mesaj məhkəmənin rəsmi saytında martın 17-də dərc olunub.

Qeyd edək ki, həmən orderdən Rusiyada uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova üçün də verilib.

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi order verdiyi hər iki nəfəri müharibə cinayəti törətməkdə - məcburi deportasiya və əhalinin, xüsusən də uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən köçürülməsində şübhələnir.

Beynəlxalq hüquq bunu soyqırım kimi qiymətləndirə bilər. Məhkəmənin saytında bildirilir ki, Putinin iddia edilən cinayətlərə görə şəxsən məsuliyyət daşıdığını düşünmək üçün ağlabatan əsaslar var.

Yeri gəlmişkən, Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır və onun işində iştirak etmir. 2016-cı ildən Moskva məhkəmənin hərəkətlərini müəyyən edən Roma Statutunun tərəfi deyil.

Qeyd edək ki, martın 17-də axşam orderə verdiyi ilk reaksiyada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu tezisi təkrarlayıb.

Onu da qeyd edək ki, məhkəmə, öz növbəsində, hərbi cinayətlərin təhqiqatı və təqibinə gəldikdə, dövlət başçılarının toxunulmazlığını tanımır.

Bu arada Ukraynanın baş prokuroru Andriy Kostin məhkəmənin qərarını Ukrayna və bütün beynəlxalq hüquq sistemi üçün tarixi adlandırıb. O, həmçinin, Kiyevin Haaqa məhkəməsinə uşaqların məcburi köçkünləşməsi ilə bağlı təxminən 40 cildlik material təqdim etdiyini də bildirib.

...Gərək ki, yadınızda olar, may ayında Rusiya Ukraynadan aparılan uşaqların Rusiya vətəndaşlığını almasına icazə vermək üçün qanunlarını dəyişmişdi.

Bundan əlavə, Moskva “humanistlik göstərib” bu uşaqları müharibədən xilas etdiyini iddia edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə