İran və Səudiyyə Ərəbistanı münasibətlərini yeniləyir

İran və Səudiyyə Ərəbistanı münasibətlərini yeniləyir

Tehran və Ər-Riyad Çində aparılan danışıqlardan sonra diplomatik münasibətlərin bərpasına dair saziş imzalayıblar. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, tərəflər iki ay ərzində səfirliklərini açacaqlar.

Bu arada İranın özəl xəbər agentliyi olan “Tasnim” xəbər verir ki, İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra diplomatik münasibətləri bərpa etməyə razılaşıblar.

Belə ki, ilk addım olaraq, yuxarıda da qeyd etdiyimiz kimi, iki ay ərzində hər iki ölkədə səfirliklər yenidən açılacaq.

Qeyd edək ki, Pekində baş tutan danışıqlar nəticəsində münasibətlərin bərpasına dair birgə saziş imzalanıb. Sənədi İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri və onun səudiyyəli həmkarı imzalayıblar.

Tərəflər iki ay ərzində münasibətləri bərpa etməyi və diplomatik nümayəndəliklər açmağı planlaşdırır. Həmçinin, imzalanmış sazişin icrasını müzakirə etmək məqsədilə İran və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Xatırladaq ki, 2016-cı ildə Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndəliklərinə hücumlardan sonra Ər-Riyad Tehranla diplomatik əlaqələri kəsmişdi. Bununla da təşkilatçılar məşhur şiə ilahiyyatçısı Nimr əl-Nimrin edam edilməsindən narazı olduqlarını bildirmişdilər, lakin son zamanlar tərəflər bütün fikir ayrılıqlarını aradan qaldırmaq istəyirlər.

2022-ci ilin sentyabrında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ər-Riyad və Tehranın qonşuluq münasibətlərinin olması lazım olduğunu söyləmişdi. Lakin İranda iğtişaşlar başlaması münasibətlərin rəvacını ləngitmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə