Ukraynadakı partlayışlardan sonra Zelenski energetiklərlə deyil, təhlükəsizlik qüvvələri ilə görüş keçirib
Rusları xoflandıran nədir?

Cümə axşamı, martın 9-da Ukrayna Prezidenti Vladimir Zelenski Təhlükəsizlik Şurasının, Daxili İşlər Nazirliyinin, Ukrayna Təhlükəsizlik Xidmətinin, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının, hərbi kəşfiyyatının və Nazirlər Kabinetinin nümayəndələri ilə görüş keçirib.

Əvvəla qeyd edək ki, Rusiyanın irimiqyaslı raket hücumu ilə bağlı infrastruktur obyektlərinə ziyan dəyib, amma...

SİA-nın əldə etdiyi məlumata görə, bu görüş Zelenski üçün qeyri-adi hadisə kimi qeyd edilməlidir.

Məsələ bundadır ki, Rusiyanın raket hücumlarından sonra oxşar görüşlər adətən Rusiyanın raket atdığı regionlarda keçirilirdi.

Lakin bu cümə axşamı Ukrayna prezidenti təcili olaraq Ukrayna hüquq-mühafizə orqanlarının bütün nümayəndələrini Kiyevə topladı.

Bununla bağlı öz Telegram kanalında məlumat verən Zelenski, ilk olaraq ölkədə elektrik enerjisi təchizatının sürətlə bərpasını təmin etməli olacaqlarını bildirib.

Amma maraqlıdır ki, Rusiya tərəfi bunu min yerə yozub. Məsələn, rusların yazdığına görə, iclasın gündəliyində enerji məsələsi olmasına baxmayaraq, lakin iclasdakılar arasında energetik-filan olmayıb.

Deyəsən, rusları xoflandıran da elə budur.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi cümə axşamı raket zərbələrinin Bryansk vilayətində ukraynalı terrorçuların hərəkətlərinə cavab olduğunu bildirmişdi.

Yeri gəlmişkən, Rusiya Hərbi Departamentinin bildirdiyinə görə, Ukrayna ərazisində kütləvi “qisas zərbəsi” zamanı hipersəs “Xəncər” raketlərindən istifadə edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə