İran və Əfqanıstandakı qadın fəallardan çağırış

İran və Əfqanıstandakı qadın fəallardan çağırış

İran və Əfqanıstanın tanınmış qadınları və fəalları gender aparteidinin beynəlxalq hüquqa əsasən cinayət kimi tanınmasını tələb edən məktub dərc ediblər.

Fəallar hesab edirlər ki, mövcud normalar İran və Əfqanıstanın qadınlarla bağlı siyasətinə tam təsir göstərmir və bu siyasət onların cəmiyyətdəki statusunu aşağı salmağa yönəlib.

Məktub müəllifləri onu da qeyd edirlər ki, onlar müsəlman adət-ənənələrini aşağılamırlar və Qərb dəyərlərini sırımaq fikrində də deyillər.

Sadəcə olaraq, dinindən asılı olmayaraq heç bir cəmiyyətdə yeri olmayan qadınları əsarət altına almaq cəhdlərinə işarə edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, açıq məktubu iranlı Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi, Əfqanıstan parlamentinin keçmiş vitse-spikeri Fevzia Kufi və İran və Əfqanıstandakı bir çox qadın haqları fəalları imzalayıblar.

Qeyd edək ki, beynəlxalq hüquq indi aparteidi irqi qruplara qarşı cinayət kimi müəyyən edir, lakin cinsi qruplara qarşı deyil.

Yeri gəlmişkən, bu gün İranda, Əfqanıstanda qadınlar və qızlar istədikləri təhsil və işlə təmin oluna bilmirlər. Kişi qəyyumla səyahət etməyə və qapalı paltar geyinməyə məcbur edilirlər. Bu normaların pozulmasına görə qadın döyülərək həbs oluna bilər.

Xatırladaq ki, BMT, “Taliban” tərəfindən ələ keçirildikdən sonra Əfqanıstanın qadın və qızlara qarşı dünyanın ən repressiv ölkəsinə çevrildiyini bildirib.

Bu ölkədə yeni qaydalar onları effektiv şəkildə evlərinə bağlayır. 11 milyondan çox əfqan qadın və qızın humanitar yardıma ehtiyacı var. Qeyri-hökumət təşkilatlarında qadınların işləməsinə qadağa qoyulduğu üçün onu almaq çətindir.

İranda qadın hüquqları müdafiəçisi Məhsa Əmininin hicabını açdığına görə polis tərəfindən döyülərək öldürülməsindən sonra başlayan etirazlar fonunda məktəbli qızların kütləvi şəkildə zəhərlənməsi halları baş verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə