Ukrayna qələbəyə nə vaxt nail olacaq?

Ukrayna qələbəyə nə vaxt nail olacaq?

Ukrayna Prezidenti Vladimir Zelenski bir il ərzində, yəni 2024-cü il fevralın 24-dək Ukrayna Silahlı Qüvvələri rusların işğal etdikləri əraziləri azad etməsə, vəziyyətin necə inkişaf edəcəyini təxmin etmək belə istəmir.

SİA-nın əldə etdiyi məlumata görə, o, jurnalistləri bu variantı nəzərdən keçirməməyə çağırıb.

Qeyd edək ki, Rusiyanın genişmiqyaslı işğalının ildönümü ilə bağlı keçirilən mətbuat konfransında müvafiq sual Zelenskiyə verilib.

O isə cavabında “...mən elə fikirləşmək də istəmirəm ki, hamımız bugünkü vəziyyətdə olacağıq. Bu, dram olardı. Bu barədə düşünmək belə istəmirəm və sizə də düşünməyi məsləhət görmürəm. Biz tərəfdaşıq. Siz Britaniyadansınız, bəs “Tayfun” döyüşçülərimiz haradadır?”-deyib.

Amma bütün bunlara baxmayaraq, həmən mətbuat konfransında Zelenski Ukraynanın bu il qalib gələ biləcəyinə əminliyini ifadə edib.

Onun sözlərinə görə, əgər hamımız qarşıya qoyulan vəzifələri yerinə yetirsək, bu halda qalib gələcəyik.

Qeyd edək ki, Zelenski buna əminliyini də bildirib.

Bununla yanaşı o, Rusiyanı Ukraynanın öz torpağında yaşamaq hüququna hörmət etməyi, qoşunlarının çıxarmasını, mülki əhalinin öldürülməsini, infrastruktura zərbələr endirməyi dayandırmağa çağırış edib(?)

Zelenskiyə görə, yalnız bundan sonra “buna son qoymağın hansı formatda diplomatik olduğunu” müəyyən etmək mümkün olacaq.

Yeri gəlmişkən, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles, döyüşlərin bir ildən sonra, yəni 2024-cü ilin fevralında da davam edəcəyini bildirib. Onun fikrincə, buna səbəb Rusiya Federasiyasının öz xalqını kütləvi şəkildə qurban verməyə, yəni onların məhvinə hazır olmasıdır.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Ukrayna Silahlı Qüvvələrinin gələn ilin yayında 1991-ci ilin sərhədlərinə çatacağını proqnozlaşdırmışdı.

Və bu yaxınlarda o, proqnozunun dəyişmədiyini bir daha təsdiqləyib.

Dövlət Sərhəd Xidmətinin rəhbəri Sergey Deyneko isə Ukraynanın 2023-cü ilin payızında qələbə qazanacağına inanır. O, bunun oktyabr və ya noyabrda baş verəcəyinə ümid edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə