Bir millət, iki dövlətin... düşmənçiliyi

Cənubi Koreya son 6 ildə ilk dəfə Şimali Koreyanı rəsmi olaraq düşmən adlandırır
Bir millət, iki dövlətin... düşmənçiliyi

Bu arada Cənubi Koreya növbəti iki il üçün müdafiə proqramında Şimali Koreyanı “düşmən” adlandırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu, son altı ildə ilk dəfə iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda baş verib.

“Şimali Koreya nüvə bombalarından əl çəkmir və bizə daimi hərbi təhlükə yaradır, ona görə də Şimali Koreya hökuməti və ordusu... bizim düşmənimizdir”.

Qeyd edək ki, bu Cənubi Koreyanın yeni müdafiə proqramında deyilir.

Sənəddə həmçinin, Şimali Koreyanın nüvə proqramı və təxribatlarının Cənubi Koreyanın təhlükəsizliyini ciddi şəkildə təhdid etdiyi də qeyd olunur.

Yeri gəlmişkən, bildirək ki, Cənubi Koreyanın müdafiə proqramına qarşıdakı iki il ərzində Şimali Koreyanın təhdid və potensial işğalına hazırlaşmaq, Koreya yarımadasındakı müharibənin qarşısını almaq və Koreyanın gələcəkdə sülh yolu ilə birləşməsini təşviq etmək daxildir.

Onu da qeyd edək ki, son 6 il ərzində Cənubi Koreyanın müdafiə sənədlərində bu ölkə (maraqlıdır ki, Şimali Koreyanın adı çəkilmir, amma...-A.B.) onun suverenliyinə, ərazisinə, xalqına və əmlakına təhlükə yaradan istənilən qüvvəni düşmən hesab etdiyi də qeyd olunur.

Xatırladaq ki, Şimali Koreya 2022-ci ildə Cənubi Koreyaya simulyasiya edilmiş nüvə zərbəsi də daxil olmaqla görünməmiş sayda raket sınaqları keçirdi.

Buna cavab olaraq Cənubi Koreya hökuməti ABŞ və Yaponiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirir və öz hərbi imkanlarını da artırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə