Avropa Parlamenti 2035-ci ildən etibarən Avropa İttifaqı ölkələrində yeni benzin və dizellə işləyən avtomobillərin də satışına qadağa qoyulmasını təsdiqlədi.
SİA-nın əldə etdiyi məlumata görə, Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamenti Baş Assambleyasının sessiyasında avtomobil və yüngül kommersiya maşınlarına yeni karbon emissiya standartları gətirəcək tənzimləmə layihəsi səsə qoyulub.
AP-nin iqlim hədəfinə uyğun olaraq yeni avtomobillər üçün sərt karbon emissiya standartları tətbiq edən qanun 340 lehinə, 279 əleyhinə və 21 bitərəf səslə qəbul edilib. Buna əsasən, 2035-ci ildən etibarən Avropa İttifaqına üzv dövlətlərdə satılacaq bütün yeni avtomobil və yüngül ticarət maşınları sıfır emissiya olmalıdır.
Avtomobil istehsalçıları 2035-ci ilə qədər karbon emissiyasını 100 faiz azaltmalıdır. Belə ki, qeyd olunan tarixdən etibarən benzin və dizel də olmaqla, daxili yanma mühərrikli yeni avtomobillər Avropa İttifaqı ölkələrində satıla bilməyəcək.
2030-cu ilə qədər emissiyanın azaldılması hədəfi avtomobillər üçün 55, pikap yük maşınları üçünsə 50 faiz olacaq.
Avtomobilin bütün ömrü boyu buraxacağı karbon emissiyalarını qiymətləndirmək üçün yeni metodologiya hazırlanır. Emissiya həddi qiymətlərinin real istifadədə olan emissiyalara uyğunlaşdırılması təmin ediləcək. Bu mərhələdən sonra tənzimləmə layihəsi Avropa İttifaqı Şurası tərəfindən rəsmi olaraq təsdiqləndikdən və Avropa İttifaqının rəsmi qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.
Xatırladaq ki, sözügedən tənzimləmə layihəsi Avropa Yaşıl Sazişinin bir hissəsi olan və 2030-cu ilə qədər emissiyaları ən azı 55 faiz azaltmağı hədəfləyən "55-ə uyğunlaşma" paketinə daxil edilən təkliflər arasında idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB