Ruslar Qazaxıstanda da “könüllü” səfərbərlik elan ediblər...

Ruslar Qazaxıstanda da “könüllü” səfərbərlik elan ediblər...

Bu arada Baykonur administrasiyasının rəhbəri Konstantin Busıgin Ukraynadakı müharibəyə səfərbər olunanlara, eləcə də könüllülərə 260 min rubl birdəfəlik ödəmə haqqında fərman imzalayıbə.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şəhər administrasiyasının saytında dərc olunmuş sənəddə deyilir.

Beləliklə, ödənişlərin maliyyələşdirilməsinin şəhər büdcəsi hesabına həyata keçirilməsi nəzərdə tutulur. Sənədə əsasən, nağd ödənişlər “sosial dəstək tədbiri kimi” təklif edilir.

Maraqlıdır ki, Qazaxıstan prezidentinin Baykonur kompleksindəki xüsusi nümayəndəliyi bu təklifin yalnız orada yaşayan Rusiya vətəndaşlarına şamil edildiyini bildirib.

Qeyd edək ki, Qazaxıstan ərazisi olan Baykonur şəhəri Rusiya tərəfindən 2050-ci ilə qədər icarəyə götürülüb və Rusiya Federasiyasının federal şəhəri statusuna malikdir. Kirayə haqqı isə illik 115 milyon dollardır.

Xatırladaq ki, ötən ilin noyabrında Vladimir Putin səfərbər edilmiş və müqaviləli əsgərlərə 195 min rubl məbləğində birdəfəlik ödəmə haqqında fərman imzalayıb.

2022-ci ilin martında Rusiya Federasiyasının prezidenti Ukraynadakı müharibədə həlak olanların ailələrinə ödənişlər vəd edib. Ukraynada həlak olan hərbçinin hər bir ailəsi qanunla nəzərdə tutulmuş sığorta təminatı və birdəfəlik müavinət almalıdır. Qeyd edək ki, bu, 7,4 milyon rubl təşkil edir. Ölənlərin hər bir ailəsinə əlavə ödənişlər 5 milyon rubl təşkil etməli idi. Həmçinin məlumat verilib ki, həlak olanların ailələrinə aylıq pul kompensasiyası verilib. Lakin prezident bu kompensasiyanın məbləğini açıqlamayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə