ABŞ amerikalıları Rusiyanı dərhal tərk etməyə və ora getməməyə çağırıb

ABŞ amerikalıları Rusiyanı dərhal tərk etməyə və ora getməməyə çağırıb

ABŞ-ın Moskvadakı səfirliyi Rusiyada yaşayan və ya müvəqqəti qonaq gəlmiş ABŞ vətəndaşlarına dərhal bu ölkəni tərk etməyi tövsiyə edib.

SİA-nın əldə etdiyi məlumata görə, bununla bağlı mesaj səfirliyin saytında dərc olunub.

Buna səbəb kimi Rusiya silahlı qüvvələrinin Ukraynaya əsassız genişmiqyaslı müdaxiləsinin gözlənilməz nəticələri, habelə ABŞ vətəndaşlarının Rusiya hüquq-mühafizə orqanları tərəfindən təqib olunma ehtimalı, Rusiya ilə nəqliyyat əlaqələrinin məhdudluğu göstərilib.

Bundan əlavə, Rusiyadakı Amerika vətəndaşlarına hücum təhlükəsi yaranacağı təqdirdə, ABŞ səfirliyi yardım göstərmək imkanının məhdudluğunu da diqqətə çatdırıb.

Səfirliyin mesajında həmçinin beynəlxalq təhlükəsizlik standartlarına uyğun gəlməyən Rusiya aviaşirkətlərində səyahət edənlər üçün artan risklərdən də bəhs edilir.

ABŞ səfirliyinin əməkdaşlarının, bir qayda olaraq, Rusiya aviaşirkətləri ilə uçmasına icazə verilmədiyi vurğulanır.

Maraqlıdır, görən ABŞ-ın Moskvadakı səfirliyi hələ ötən il, amerikalıların Rusiyanı tərk etməsi ilə bağlı verdiyi çağırışı niyə indi israrla təkrarlayır?

Məsələ bundadır ki, Rusiya hakimiyyəti səfərbərlik çağırışının bitdiyini iddia etsə də, bununla bağlı fərman hələ də qüvvədədir və nəzəri baxımdan səfərbərlik fəaliyyəti istənilən vaxt bərpa oluna bilər.

Belə görünür ki, ABŞ səfirliyinin mesajı Rusiya qoşunlarının Ukraynaya mümkün yeni hücumu ilə bağlı çoxsaylı fərziyyələr fonunda dərc edilib.

Ukrayna kəşfiyyatı hesab edir ki, bunu genişmiqyaslı müharibənin başlanmasının ildönümünə - fevralın 24-nə təsadüf etmək olar.

Yeri gəlmişkən Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bu gün, bir müddət bundan əvvəl ABŞ-ı Rusiya və MDB ölkələrində terror aktları törətmək üçün Yaxın Şərqdə “cihadçı yaraqlılar” toplamaqda ittiham edib.

Qeyd edək ki, Vaşinqton hələ ki, rusların bu bəyanatına münasibət bildirməyiblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə