Ermənistanın Türkiyəyə humanitar yardımı sərhədi "açdı"

...və onun yenidən bağlanması mümkün deyil
Ermənistanın Türkiyəyə humanitar yardımı sərhədi "açdı"

1993-cü ildən bağlanan Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsü 30 ildən sonra yenidən açılıb və böyük ehtimalla bir daha bağlanmayacaq.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri erməni türkoloq Nelli Minasyan quru sərhədindən Türkiyəyə Ermənistan humanitar yardımının göndərilməsini şərh edərkən deyib.

Xatırladaq ki, fevralın 11-də Ermənistan Türkiyəyə humanitar yardımla yük maşınları göndərib. Yük maşınları Ermənistan-Türkiyə sərhəddini Marqara körpüsü ilə keçərək zəlzələdən zərər çəkmiş bölgəyə yollanıb.

“Sərhədin açılması, əslində, Ermənistan-Türkiyə danışıqlarının nəticələrinə əsasən planlaşdırılıb. Humanitar yardım şəklində “qanuni” səbəb olduğu üçün zəlzələ bu prosesi müəyyən qədər sürətləndirdi. Amma mən hesab edirəm ki, quru sərhədinin açılması ilə bağlı müəyyən proses gedir və əslində belə xəbərləri gözləmək lazımdır”, - deyə Minasyan bildirib.

Yeri gəlmişkən, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə danışıqlarda xüsusi nümayəndəsi Serdar Kılıç Twitter-də bu humanitar addıma cavab olaraq Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyana və Ermənistanın xüsusi nümayəndəsi, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyana təşəkkürünü bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə