Bir müddət əvvəl dünya xəbər agentliklərinin yaydığı kimi, Qazaxıstanın Almatı şəhərində keçirilən blits və sürətli şahmat üzrə dünya çempionatında iranlı qrossmeyster Sara Xadem turnir mərhələsinə İranda qanunla qadınların taxmalı olduğu hicabsız çıxış edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu xəbər artıq İran və beynəlxalq xəbər agentliklərinin diqqətini çəkməkdədir.
Belə ki, İranın “Xəbərvarzeşi” və “Etemad” saytları tərəfindən yayımlanan turnirdən fotoda iranlı şahmatçı başı açıq şəkildə təsvir edilib. “Xəbərvarzeşi” onun hicablı fotosunu da yayıb, lakin fotonun harada çəkildiyini açıqlamayıb.
Xademin özü də İnstaqram səhifəsində turnirdə iştirakı ilə bağlı hələlik açıqlama verməyib. Şahmatçı qızın turnirdə hicabsız görünməsi İranda sentyabrın ortalarında “hicabın düzgün geyinmədiyinə görə” polis tərəfindən saxlanılan 22 yaşlı Məhsi Əmininin ölümündən sonra başlayan etirazlar fonunda baş verir.
Qeyd edək ki, 25 yaşlı Sara Xadem çempionatda yeganə iranlı qadındır. Sara Xadem 18 yaşında həm qadın qrossmeyster, həm də beynəlxalq usta titullarını qazanan ilk iranlı şahmatçıdır.
Xatırladaq ki, oktyabr ayında iranlı Elnaz Rekabi Seulda keçirilən İdman Dırmanması üzrə Asiya Çempionatında başıaçıq çıxış edib, lakin daha sonra sosial şəbəkədə hicabsız dırmaşma divarına “qəsdən” girdiyini iddia edib.
Noyabr ayında iranlı oxatan Tehranda mükafatlandırma mərasimi zamanı hicabının başından düşdüyünü görmədiyini deyib. Hadisə videoya çəkilib və bir çoxları tərəfindən hicabın məcburi geyinilməsi ilə razılaşmanın nümayişi kimi qiymətləndirilib.
Yeri gəlmişkən, dekabrın əvvəlində İran Əmininin ölümündən sonra başlayan hökumət əleyhinə etiraz aksiyalarının iştirakçılarına qarşı ikinci ölüm hökmü çıxardığını bildirib.
Qeyd edək ki, İranda iki aylıq etirazlarda yüzlərlə insan həlak olub, 15 minə yaxın insan saxlanılıb. Etirazların ciddi şəkildə yatırıldığı, polisin hərbi silahdan istifadə etdiyi, lakin insanların küçələrə çıxmağa davam etdiyi də davam etməkdədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB