“Yeməyənin malın” yeyəcəklər?

ABŞ Senatı müsadirə edilmiş Rusiya aktivlərinin Ukraynaya kömək məqsədilə istifadəsinə icazə verib
“Yeməyənin malın” yeyəcəklər?

ABŞ Senatı dekabrın 22-də şifahi səsvermədə müsadirə edilmiş Rusiya aktivlərinin Ukraynaya kömək məqsədilə istifadə edilməsinə icazə verən federal büdcəyə düzəlişi dəstəkləyib.

Beləliklə, SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, 68 senator sənədin “lehinə”, 29 senator isə “əleyhinə” səs verib.

Qeyd edək ki, sənəd rusiyalı oliqarxların aktivlərinin müsadirə edilməsindən əldə edilən vəsaitlərin istifadəsini tənzimləyir. Pul əvvəlcə ABŞ Dövlət Departamentinə gedəcək və Departament onu beynəlxalq yardım kimi bölüşdürəcək. Qanun layihəsində vəsaitlərin müsadirə mexanizmi təsvir olunmur, söhbət yalnız artıq ələ keçirilmiş vəsaitin xərclənməsindən gedir.

Düzəlişin lehinə səs verən və 2020-ci ildə prezidentliyə namizədliyini irəli sürən senator Maykl Bennet cümə axşamı bildirib ki, qəbul edilmiş sənəd Putin və onun quldur dəstəsinə Amerikanın Ukraynanı dəstəklədiyinə dair siqnal göndərir.

Düzəlişin tərəfdarı olan konqresmen Tom Malinovski “Vaşinqton Post” qəzetinə, “Putinin köməkçilərinə onun məhv etdiyi ölkəni bərpa etmək üçün pul ödəməyə məcbur etmək sağlam düşüncə və ədalətdir”-deyə bildirib.

“Ümid edirəm ki, qanun Ədliyyə Departamentini kleptokratların aktivlərini müsadirə etmək üçün səylərini ikiqat artırmağa və Avropalı müttəfiqlərimizi də buna əməl etməyə təşviq edəcək”.

Qeyd edək ki, bunu da Malinovski bildirib.

Bayden administrasiyası Ukraynaya kömək etmək üçün rus oliqarxlarının və sanksiyaya məruz qalan şirkətlərin müsadirə edilməsi ideyasını dəstəkləyir. Təşəbbüsün əleyhdarları qeyd edirlər ki, vəsaitlərin çıxarılmasına məhkəmələrdə etiraz edilə bilər, ələ keçirilən pullardan istifadə isə ABŞ-ın investisiya cəlbediciliyini azalda bilər.

Xatırladaq ki, cümə günü ABŞ parlamentinin aşağı palatası büdcənin qəbulu ilə yanaşı ona düzəlişlərə də səsvermə keçirməlidir.

Düzəlişin qəbulu Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri fonunda baş tutub. Bu, Ukraynanı dəstəkləyən lobbi qrupları tərəfindən fəal şəkildə təbliğ olunur. Eyni zamanda, cümə axşamı Konqres Ukraynayönlü təşkilatların dəstəklədiyi daha bir qanun layihəsinin qəbuluna səs verib. Sənəd Ədliyyə Nazirliyinə ölkədəki bütün insanları hərbi cinayətlərə görə məsuliyyətə cəlb etməyə imkan verir. İndi bu, yalnız şübhəli və ya qurbanın ABŞ vətəndaşı olduğu halda mümkündür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə