9 ayda 119 min tacik Rusiya pasportu alıb
Dəvənin toya çağırılması…

Rusiya Daxili İşlər Nazirliyi, bu ilin yanvar-sentyabr ayları ərzində 9 ay ərzində təkcə Tacikistan əhalisinin 119 min nəfərinə Rusiya pasportu verib.

Elə-belə, təmənnasız-filansız.

Yəni ruslar Orta Asiya xalqına qarşı böyük bir humanizm göstərib.

Özü də, Rusiyanın Ukrayna ilə müharibə etdiyi və on minlərlə rus vətəndaşının ölkəni tərk etdiyi bir vaxtda.

Maraqlıdır ki, Tacikistan hakimiyyəti heç vaxt öz vətəndaçlarının Rusiya pasportlarını almaq üçün hədsiz istəklərinin nəticələri ilə bağlı heç bir açıqlama verməyib. Baxmayaraq ki, bəziləri bu məsələdən narahatdır.

Eyni zamanda əmək miqrantları Rusiya pasportuna sahib olmağı Rusiyada işləmək və yaşamaq üçün yeganə əlverişli yol hesab edirdilər. Təbii ki, sakitlik, müharibə-filan olmayan dövürdə, amma indi…

Maraqlıdır ki, Rusiya Daxili İşlər Nazirliyinin statistik hesabatlarına əsasən, Tacikistan vətəndaşlarına ən çox Rusiya pasportu bu ilin iyul-sentyabr aylarında verilib.

(Deyim ki, bu sahədə taciklər liderdir-A.B.)

Xeyir olsun?

Qeyd edək ki, bu gün də daxil olmaqla hər gün orta hesabla 500-ə qədər tacikə Rusiya vətəndaşlığını verilir. Belə ki, son doxsan gün ərzində - 45,5 mindən çox tacikstanlının “rusiyalı” olduğu deyilir.

Maraqlıdır ki, Ukraynada Rusiya müharibəsi başlayandan bəri digər dövlətlərdən Rusiya vətəndaşlığını almaq istəyən xarici vətəndaşların sayı nəzərəçarpacaq dərəcədə azaldığı halda, taciklərdə bu istək, görən, “hardan qaynaqlanır”?

...Və bu istər istəməz adamın yadına dəvənin nağılını salır.

Hər halda eşitmiş olarsınız: belə ki, bir gün gəlib dəvəyə deyirlər ki, ay dəvə, sevin, ölkənin başçısı səni toya çağırıb. Dəvə də öz-özünə düşünür ki, görəsən, ölkənin başçısı məni toya çağırmaqda xeyir ola? Oynamaq deyirsiniz, bacarmıram, bir gözəgəlimli görünüşüm də yox!

Bəs, onda niyə…hə, deməli, məni meşəyə oduna göndərəcək!

Amma, nə deyirsiniz, deyin, mən taşiklərin meşəyə oduna göndəriləcəklərinə nanmıram, çünki…

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə