ABŞ Konqresi Rusiyanı "təcavüzkar ölkə" kimi tanıyan qanun layihəsi hazırlayır
Kiyevin Vaşinqtondan "tələbi"

ABŞ Konqresi Rusiyanın “təcavüzkar ölkə” kimi tanınması ilə bağlı qanun layihəsi hazırlayır. Bu, prezident Cozef Bayden administrasiyasının Moskvanı terrorizmin sponsoru kimi tanımaq istəməməsinə cavab olmalıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Hill” yazıb.

Respublikaçılar Partiyasından olan deputatların köməkçisi kimi çalışan mənbələrin bildirdiyinə görə, sənəd layihəsi Ağ Ev və Konqres liderləri arasında müzakirə olunur. Qanun layihəsi qəbul olunarsa, Ağ Evə Rusiya rəsmilərinə qarşı sanksiyaların tətbiqini sadələşdirməyə imkan verəcək Onu da qeyd edək ki, mətnə görə, ABŞ prezidenti Ukraynaya hücumla bağlı istənilən dövləti təcavüzkar ölkə elan edə biləcək. Müvafiq olaraq, bu, təkcə Moskva haqqında deyil, həm də onun bu müharibədəki bir neçə müttəfiqi: Minsk və Tehran haqqında da ola bilər.

Maraqlıdır ki, ABŞ-da Kiyevi dəstəkləyən üç ictimai təşkilat Ağ Evə müraciətində belə bir qanun layihəsinə qarşı çıxıb. Onlar qorxurlar ki, bu, Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına gətirib çıxara bilər. Müraciəti “Amerikanın Ukrayna Konqresi Komitəsi”, “Birgə Baltik-Amerika Milli Komitəsi” və Ukraynanın “Razom” (“Birgə”) təşkilatı imzalayıb.

Konqresmenlər və senatorlar Rusiyanı terrorizmin sponsoru kimi tanımaq tələbi ilə Ağ Evə müraciət ediblər və qeyd edək ki, bunu Vaşinqtondan Kiyev də tələb edir. Lakin Bayden administrasiyası bu qərara qarşı çıxır. Onlar hesab edirlər ki, bu, Vaşinqtonla Moskva arasında qarşılıqlı əlaqə imkanlarını azaldacaq.

Bundan əlavə, o, ABŞ-dan Rusiyanın tərəfdaşlarına, o cümlədən dünyanın iki ən böyük ölkəsi: Çin və Hindistana məhdudiyyətlər qoymasını tələb edəcək. Bir sıra ekspertlər də Rusiyanın qanunda nəzərdə tutulan terrorizmin sponsoru meyarlarına uyğun olduğuna şübhə edir və qeyd edirlər ki, qanunun həddən artıq boş şərhi gələcəkdə Vaşinqtonun özü üçün başağrısına çevrilə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə