“Avropanın sərhədi Türkiyədən başlayır”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Avropa təkcə böhran dövründə deyil, normal zamanlarda da Türkiyənin dəyərini anlamalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, İtaliyanın paytaxtı Romada keçirilən MED Aralıq dənizi Dialoq Forumunun "Xüsusi dialoq" sessiyasında iştirak və çıxış edən Çavuşoğlu deyib: “Avropa sərhədi Yunanıstanla başlamır. Ermənistan, Azərbaycan və Qazaxıstanın bir hissəsi də Avropada sayılır. Avropanın sərhədi Türkiyədən başlayır.

Avropa təkcə böhran dövründə deyil, normal zamanlarda da Türkiyənin əhəmiyyətini anlamalıdır.

Türkiyə 9 mindən çox xarici terrorçunu təhvil verib. Terrorla mübarizədə bir çox ölkələrlə müqayisədə daha çox iş görmüşük. Hətta Ukraynada Avropa İttifaqı (Aİ) bizimlə məsləhətləşmədi. Aİ bizə ehtiyac duyduqları zaman bizimlə əlaqə qurur. Artıq Türkiyənin rolunu qəbul etməlidirlər.

Ukrayna torpaqlarının qeyri-qanuni ilhaqını qəbul etmirik və boğazları Rusiya gəmiləri üçün bağladıq.

Düşünürəm ki, biz yaza qədər Rusiya-Ukrayna danışıqlar masası haqqında daha aydın təsəvvürə malik olacağıq. Biz təslim olmayacağıq, səylərimizi davam etdirəcəyik.

İsraillə münasibətlərə gəlincə, İsrail Fələstinlə bağlı mövqeyimizin dəyişməyəcəyini bilir.”

Bütün xəbərlər Facebook səhifəmizdə