“Rusiya qışdan Ukraynaya qarşı iqlim silahı kimi istifadə edir”

Rusiya Ukraynadakı müharibədə qışdan iqlim silahı kimi istifadə etməyə çalışır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 29-da Buxarestdə başlayan hərbi alyansa üzv ölkələrin xarici işlər nazirlərinin iclasında bildirib.

Qeyd edək ki, NATO-nun baş katibi Putinin müharibədəki məğlubiyyətlərə daha ​​böyük qəddarlıqla reaksiya verdiyini deyib. Onun fikrincə, bunu soyuq mövsümdə kritik vəziyyətdə olan Ukraynanın enerji sisteminə rusların atdığı raket zərbələri də sübut edir.

“Rusiya çox güman ki, Ukraynanın enerji şəbəkəsinə, onun qaz infrastrukturuna və insanlar üçün əsas xidmətlərə hücum etməkdə davam edəcək. Qışa qədəm qoyarkən etdiyimiz işlər göstərir ki, prezident Putin indi qışdan Ukraynaya qarşı müharibə silahı kimi istifadə etməyə çalışır”-deyən Stoltenberq, birlik ölkələrə Kiyevi nəinki lazımi silahlarla, həm də ehtiyat hissələri və döyüş sursatları ilə təmin etməyin vacibliyini bildirib.

NATO-nun baş katibi, həmçinin müttəfiq ölkələrin Ukraynaya yanacaq, dərman və qış avadanlığı tədarükünə də diqqət çəkib.

Qeyd edək ki, Stoltenberq, soyuqlar səbəbindən yeni ukraynalı qaçqın dalğasının Avropaya gedə biləcəyini də istisna etməyib.

ABŞ dövlət katibi Entoni Blinken isə Vaşinqton və onun avropalı tərəfdaşlarının Ukraynanın Rusiya ordusunun atəşindən sonra zədələnmiş yüksək gərginlikli stansiyaları bərpa edə biləcək avadanlıqların tədarükü üzərində işlədiyini bildirib.

Beləliklə, NATO-nun Buxarestdə keçirilən sammitində qış ərəfəsində Ukraynaya yardımın gücləndirilməsi vəd edilib. Belə ki, Slovakiya Ukraynaya 30 “BMP-1”, Almaniya “Gepard” özüyeriyən zenit silahları, ABŞ isə “Patriot” hava hücumundan müdafiə sistemi tədarük edəcəklərini bildirib.

Verilən xəbərlərə görə, iclasda Kiyevin NATO-ya üzvlük müraciətinin də müzakirə ediləcəyi deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə