Qərb, elə Amerika da münaqişənin daha da genişlənməsindən ehtiyatlanırlar

Bu arada Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Kiyevə Rusiya ərazisinin dərinliklərindəki hədəflərə hücum etməyə icazə verməyə çağırıb.

Qeyd edək ki, NATO ölkələri indiyədək Ukraynaya uzaqmənzilli silah tədarük etməkdən çəkiniblər. Belə ki, Ukraynaya verilən silahlarla yalnız Rusiyanın sərhədyanı rayonlarını və bir də ilhaq edilmiş rayonlardakı hədəflərə zərbələr endirmək olar.

Amma Rinkeviç noyabrın 29-da Buxarestdə NATO xarici işlər nazirlərinin görüşündə “biz ukraynalılara raket buraxılış qurğuları və ya aerodromları məhv etmək üçün silahdan istifadə etməyə icazə verməliyik”-deyə bildirib. Onun sözlərinə görə, ittifaq üzvləri münaqişənin kəskinləşməsindən qorxmamalıdırlar.

Qeyd edək ki, SİA bu barədə xarici qaynaqlara istinad edir.

Doğrudur, bu gün NATO ölkələri, digər silahlarla yanaşı, Ukraynaya artilleriya qurğuları və onlar üçün mərmilər, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və gəmi əleyhinə raketlər verirlər. Lakin, deyildiyi kimi, bu silahların vurma məsafəsi adətən 100-120 kilometrdən çox deyil.

Belə ki, NATO ölkələri Ukraynaya “əta etdikləri” silahlar arasında ona, heç olmasa, 300 kilometrə qədər məsafədə yerləşən hər hansı bir hərbi obyekti vurmaq üçün silah tədarükündən çəkinib və elə indi də çəkinirlər.

Deməli, belə başa düşülür ki, bu ruslara olar, amma ukraynalılara yox?

Amma, belə görünür ki, latviyalı nazir, deyəsən, israrlıdır. Onun dediyinə görə, bu gün NATO-ya üzv olan bir neçə ölkə də, Ukraynaya hədəf seçimində heç bir məhdudiyyətə malik olmamasını istəyirlər.

Xatırladaq ki, bir müddət əvvəl Pentaqonun 150 kilometrə qədər mənzilli yeni yüksək dəqiqlikli GLSDB raketlərini Ukraynaya təhvil verməyi nəzərdən keçirdiyi barədə xəbərlər dolaşırdı.

Ukrayna isə Vaşinqtondan 300 kilometr mənzilli HIMARS sistemləri üçün MGM-140 ATACMS raketləri tələb edir.

Yeri gəlmişkən, münaqişənin ilk dövrlərində Ukrayna Rusiyaya qarşı bir neçə dəfə “Toçka-U” taktiki sovet raket buraxılış sistemlərindən istifadə etdi. Qeyd edək ki, bu silahların uçuş məsafəsinin 120 kilometrə qədər olduğu deyilir.

Sonradan ukraynalılarda bu silahların tükəndiyi, rusların yazdığına görə isə, guya onların hamısının rus ordusu tərəfindən məhv edildiyi bildirildi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə