Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Çinə səfər edəcək

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dekabrın 1-də Çinə səfər edəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin məlumatına əsasən səfər Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin dəvəti əsasında baş tutacaq. Rəsmi məlumata görə Şarl Mişelin ÇXR Sədri Si Cinpin və digər rəsmilərlə görüşlərində beynəlxalq və ikitərəfli məsələlər müzakirə olunacaq.

Xarici media qurumlarının Şarl Mişelin səfərinə dair materiallarında isə qeyd olunur ki, səfər Çinin Rusiyanın Ukraynaya müdaxiləsinı qınamaqdan boyun qaçırması, Avropa İttifaqı ilə Çin arasında ticarət dövriyyəsindəki defisitin Pekinin xeyrinə böyüməsi, habelə ittifaqa üzv ölkələrin Çin texnologiyasından və xammalından asılılığının böyüməsi fonunda Avropa İttifaqına üzv 27 ölkə liderinin oktyabrda Çinlə münasibətlərə dair keçirdiyi strateji müzakirələrdən sonraya təsadüf edir. Bildirilir ki, Avropa İttifaqı özünün sanksiyalarına uyğun olaraq, Çinin də Rusiyaya silah və hərbi texnika təchiz etməsini istəmir. Avropa İttifaqı bu yaxınlarda Çin subsidiyalı şirkətlərin ittifaqın bazarına girişini məhdudlaşdıran qanun qəbul edib.

Qeyd edək ki, Şarl Mişelin Si Cinpinlə qarşıdakı görüşündən təxminən 1 ay əvvəl Almaniya kansleri Olaf Şolts Pekində, Fransa Prezidenti Emanuel Makron isə “Böyük iyirmilik” (G20) qrupunun İndoneziyadakı zirvə görüşü çərçivəsində Çin lideri ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə