"ABŞ yığması oyunlardan uzaqlaşdırılsın!"

İran Futbol Federasiyası ABŞ komandasına qarşı Beynəlxalq Futbol Federasiyasının (FİFA) etika komitəsinə şikayət edib. İran amerikalıları onun bayrağına hörmətsizlikdə ittiham edib və Qətərdə keçirilən dünya çempionatında komandalardan 10 oyunluq diskvalifikasiya tələb edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ingilis nəşri yazır.

ABŞ Futbol Federasiyası daha əvvəl İranda etirazçılara dəstək və qadınların hüquqlarını müdafiə etmək üçün sosial şəbəkələrdə rəsmi İran bayrağının şəklini yerləşdirməkdən imtina edib. Əvəzində İran rəngində, lakin emblemi olmayan bayraq qoyulub.

İran rəsmiləri ABŞ-ı “Allahın simvolu”nu silməkdə ittiham edib.

Qeyd edək ki, FİFA şikayətə hələ ki, münasibət bildirməyib. Amma... Amerika komandasının oyunlardan kənarlaşdırılması ehtimalı azdır.

Xatırladaq ki, İran - ABŞ matçı noyabrın 29-da keçiriləcək.

Yeri gəlmişkən, İran federasiyasının şikayəti çempionatda dövlət rəmzlərinin nümayişi ilə bağlı yeganə insident deyil. Bu yaxınlarda Serbiya millisinin paltardəyişmə otağında üzərində “Təslim olmayın” şüarı və tərkibində qismən tanınan Kosovo Respublikasının daxil olduğu Serbiyanın xəritəsi olan bayraq tapıblar.

Bununla bağlı Kosovo Futbol Federasiyası FİFA-ya rəsmi şikayət edib. Qeyd edək ki, təşkilat bu mesaja da hələ ki, cavab verməyib.

Amma Serbiya millisinin cərimələnə biləcəyi də istisna edilmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə