Qərbi Azərbaycanda mədəni irs soyqırımı - EKSPERT DANIŞDI

"Millətçi, təcavüzkar Ermənistanda – tarixən Qərbi Azərbaycan ərazisi sayılmış bu coğrafiyada min illər boyu yaşamış soydaşlarımızın etnik mövcudluğuna son qoyulması və onların mədəni irsinin məhv edilməsi son bir əsrdə dövlət siyasəti səviyyəsində gerçəkləşdirilmişdir. Nəticədə, azərbaycanlıların bu ərazilərin tarixi və əzəli sakinləri olduğunu sübut edən izləri yox etmək üçün məqsədyönlü şəkildə, kütləvi vandallıq aktları törədilmişdir. 1988-ci ildən başlanan sonuncu etnik təmizləmə nəticəsində on minlərlə azərbaycanlı ailəsinin əmlakı və mədəni irs nümunələri də ermənilər tərəfindən qarət edilmiş, mənimsənilmişdir. Bundan başqa, Qərbi Azərbaycanın qədim toponimləri bütünlüklə erməni adları ilə əvəzlənmişdir". Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Tarix İnstitutunun əməkdaşı, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, mədəni irsin araşdırılması üzrə ekspert Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, tarixə yönəlik vəhşilik, vandalizm təkcə mədəniyyət abidələrini məhv etməklə bitmir, onun tarixini dəyişdirmək, restavrasiya adıyla qədimliyinə zərbə vurmaq da barbarlığın, həyasızlığın bir nümunəsidir: "Ümumiyyətlə, İndiki Ermənistan ərazisində xalqımıza məxsus 3 min 500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid qəddarlıqla dağıdılmış, tamamilə yox edilmişdir.

İrəvan şəhərində vaxtilə sırf azərbaycanlıların yaşadığı Dəmirbulaq massivində XX əsrin əvvəlində üç məscid qeydə alınmışdır. Həmin məscidlər bunlardır: Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və Dəmirbulaq məscidi. 1988-ci il fevralın 23-də erməni vandalları İrəvan şəhərindəki Dəmirbulaq məscidini və M.F.Axundov adına 9 №-li azərbaycanlı orta məktəbin binasını yandırmışlar.

İrəvan şəhəri və onun ətrafında mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrindən yeganə salamat qalanı şəhərin yaxınlığında, İrəvan–Eçmiədzin yolunun üstündə yerləşən Cəfərabad kəndindəki Əmir Səəd məqbərəsidir. Əmir Səəd məqbərəsi Qaraqoyunlu əmirlərindən olan Əmir Səədin oğlu Pir Hüseyn tərəfindən atasının məzarı üzərində ailə türbəsi kimi 1413-cü ildə inşa etdirilmişdir. Cəfərabad kəndinin adını ermənilər 1946-cı ildə dəyişdirərək Arqavand adlandırmışlar.

İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi Göy məscidin adı birinci çəkilir. Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına 1760-cı ildə başlanılmış, 1765-ci ildə Hüseynəli xanın hakimiyyəti dövründə başa çatdırılmışdır. Həmin məscid 1616-cı ildə Şah Abbas dövründə Gəncədə inşa edilən Cümə məscidinə bənzəyir. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər.

İrəvan şəhərindəki Hacı Novruzəli bəy məscidi XVIII yüzilin 2-ci yarısında Qara Seyid adlı şəxs tərəfindən tikilmişdir. Məscid şəhərin Dəmirbulaq massivindəki Hacı Novruzəli məhəlləsində (indiki dəmiryol vağzalı rayonunda) yerləşdiyindən məhəllənin adı ilə Hacı Novruzəli bəy məscidi adlanmışdır. Тəkminarəli bu məscid XX yüzilin 30-cu illərində erməni vandalları tərəfindən dağıdılaraq məhv edilmişdir.

Ayrı-ayrı dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırmalarında İrəvan qalasındakı Sərdar sarayının yaxınlığında yerləşən “Sərdar məscidi”, yaxud “Abbas Mirzə məscidinin” adları çəkilir. Ermənistan hökuməti məscidin qalığını “qorunan tarixi abidələr” siyahısında 2007-ci ildə Avropa Şurasına təqdim etmişdir. Erməni vandalları Sərdar məscidinin “qorunan” divar qalığını da 2014-cü ilin noyabr ayının ortalarında yer üzündən silmişlər.

Sisyan rayonunun (keçmiş Zəngəzur qəzasının Qarakilsə nahiyəsi) Ağudi kəndində, Sisyan şəhərindən 5 kilometr məsafədə yerləşir. Ağudi qəbirüstü abidəsi VII əsrdə tikilmişdir. Ağudi kəndi Sisyan rayonunun ən qədim azərbaycanlı kəndlərindən biri idi. Ermənistan parlamentinin qərarı ilə Ağudi kəndinin adı dəyişdirilərək Aqitu qoyulmuşdur".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə