İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı - ARAŞDIRMA

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yolunda bir çox sahədə potensialını göstərmişdir. Ölkəmiz beynəlxalq turizm münasibətlərinin inkişafı istiqamətində də təqdirəlayiq işlər görülüb. Azərbaycan turizmi ilbəil inkişaf edir və əhalinin sosial rifahının yüksəlməsi yönümündə dövlətin büdcəsindən gələn gəlirin əsas hissəsini təsdiq edir. Ölkəmiz turizm sektorunda çalışa biləcək ixtisaslı mütəxəssislər yetişməkdədir, eləcə də, bu sahənin mütəxəssisləri Azərbaycandan kənarda təcrübə keçərək, turizm yeniliklərini və xidmətlərini Azərbaycanda tətbiqinə nail olmuşlar. Müxtəlif görkəmdə və xidmətdə olan otellərin inşası buraya gələn axının yüksək səviyyədə təminatına əsas verir. Payızın ilk ayında artıq Azərbaycanın Xaçmaz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Masallı kimi istirahət zonalarında istirahət edənlərin sayının artması Azərbaycan turizminə olan diqqətin göstəricisidir. Ölkəmizə gələn turistlərin sayı ötən illərlə müqayisədə artmışdır. Azərbaycan turizm baxımdan kifayət qədər geniş perspektivlərə malik olan ölkə hesab olunur. Ərazisinin nisbətən kiçikliyinə baxmayaraq, turizmin inkişafı üçün yetərli qədər təbii ehtiyatlara, maddi-texniki bazaya və tarixən formalaşmış mədəni irsə malik olması Azərbaycanı potensial turizm ölkəsinə çevirə biləcək amillər hesab olunur. Əlbəttə ki, bunlarla yanaşı, bu sahədə dövlət dəstəyi əsas məsələlərdən biri hesab olunur. Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə turizm sahəsində bir sıra islahatlar aparılıb.

Bəs işğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı necə gedir?

SİA mövzu ilə bağlı araşdırma edib.

Azərbaycana gələn turistlərin sayı son 10 illikdə artmaqda davam edir. Azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə bir çox bərpa işləri həyata keçirir.

"Luna Travel” Turizm Agentliyinin direktoru, hüquqşünas Rəhman Quliyev: "30 ildə düşmən tapdağı altında qalan torpaqlarda müharibədən öncəki dövrlərdə kifayət qədər turizm infrastrukturu var idi və sanitoriyalar fəaliyyət göstərirdi. Zəngilanda "Qotur Su", "İstisu" sanatoriyası, həmçinin Şuşada sanatoriya, həm də otellər fəaliyyət göstərirdi. Biz hələ beynəlxalq bazara çıxmadığımız bir dövrdə il ərzində xeyli turist qəbul edirdik. Əlbətdə ki bu gün Azərbaycanda Füzuli və Zəngilan beynəlxalq hava limanı tikilib istifadəyə verilməsi ondan xəbər verir ki, həmin ərazilərə turizmin axının inkişafına daha böyük maraq artacaqdır. Əlbəttə ki, buna külli miqdarda vəsait tələb olunur. Həm pandemiya, həm də müharibə dövründən çıxmış bir ölkə kimi iqtisadiyyata vəsait baxımından ciddi təsir göstərmişdir. Amma buna baxmayaraq ölkə rəhbərliyinin apardığı daxili və xarici uğurlu siyasət onu göstərir ki, ölkənin bütün regionlarında yeni yollar çəkilir, yeni işıq infrastrukturu yaradılır, böyük layihələr həyata keçirilməyə davam edir. İşğaldan azad olunmuş bölgələrimiz minalardan zərərsizləşdiriləcək, çirklənmiş ərazilər tamamilə təmizlənəndən sonra böyük nailiyyətlər əldə edəcəyik. İnsanlar öz dədə-baba yurdlarına qayıdacaq və paralel olaraq həmin bölgələrdə böyük turizm kompleksləri inşa edib əcnəbi və yerli turistləri bölgəyə cəlb edəcəyik. Əlbəttə ki, bu bölgəyə qayıdan məcburi köçkünlərin də sosial inkişafına mühüm təsir edəcəkdir.

İşğaldan azad olunan ərazilərimiz relyefə görə dağ xizək kurortu komplekslərin yaradılması üçün əhəmiyyətli coğrafi mövqeyə malikdir. Kəlbəcər, Laçın, eyni zamanda, Zəngilan kimi bölgələr dağ xizək kurortlarının bərpa olunması daha məqsədə uyğundur. Bununla yanaşı nəzərə alsaq ki, mineral bulaqları tərkibinə görə Zəngilanda, Kəlbəcərdə İstisu, Laçında olan "Turş Su"yu, Şuşanın "İsa Bulağı", Hadrutun "Qızlar bulağı" ilə müqayisədə Sloveniyanın "Donalt" suyundan da tərkibinə görə qat-qat daha zəngindir. Bunu nəzərə alıb gələcəkdə sahibkarlar həmin bölgələrdə sanatoriya tipli müalicəvi xarakterli müəssisələr tikib istifadəyə verilməsi daha məqsədəuyğun olardı. Biz Azərbaycanı bütün dünyaya şəfa ocağı kimi tanıtmalıyıq".

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə