Azərbaycanda turizm potensialı hansı səviyyədədir? - TURİZM EKSPERTİ DANIŞDI

“Bildiyimiz kimi, 2022-ci ilin yekunlarında Dövlət Turizm Agentliyinin rəhbəri qeyd etdi ki, 2026-cı ilə qədər hədəflərimizdə Azərbaycana gələn xarici vətəndaşların sayının 4 milyona çatmağını hədəfləyirik. Sonrakı dövrlərdə isə ümumi hədəf bu sayı 6 milyona çatdırmaqdır. Nəzərə alsaq ki, Azərbaycan əhalisi sayı 10 milyondan çoxdur, bu hədəflərə çatmaq çox real görünür”. Bu sözləri SİA-ya açıqlamasında Qlobal Sağlamlıq Turizm Şurasının baş katibi Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, bunun üçün bizim potensialımız var: “Ölkəmizdə hal-hazırda 8 beynəlxalq hava limanı var. Düzdür, hazırda quru sərhədlərimiz bağlıdır və əvvəlki dövrlərdə turistlər daha çox quru sərhədlərlə səyahət edirdilər. Pandemiyada qoyulmuş bu qadağalar aradan qalxdıqdan sonra ölkəyə gələn turistlərin sayında da rəqəmlərin artdığını müşahidə edəcəyik. Ümid edirik ki, yaxın zamanda hədəflərimizə çatmaq üçün Azərbaycan hava yollarında da mühüm addımlar atılacaq, Bakıdan başqa digər beynəlxalq hava limanlarımız daha səmərəli işləyərək ölkəyə gələn turist sayında müəyyən paya malik olacaq”.

Ceyhun Aşurov sözlərinə davam edərək bildirib ki, Azərbaycanda xarici vətəndaşların sayı əvvəlki illə müqayisədə 2 dəfə artaraq təxminən 1,6 milyona çatıb: “Cari ildə bu artımın daha da çox olacağı gözlənilir. Gələcəkdə lazımi tədbirlər görülərsə, ölkəyə gələn turistlərin də sayı arta bilər.

Təbiidir ki, pandemiyadan sonrakı dövrdə daha tez şəkildə məhdudiyyətləri aradan qaldırmağa çalışan dövlətlərə daha çox turist axın etdi. Həmin dövlətlər ölkəni turizm destinasiyası olaraq daha əlçatan edirdilər. Aydın məsələdir ki, bu məhdudiyyətlər aradan qalxırsa, həmin ölkəyə gediş üçün aviabiletlər əlçatan və qiymətlər kifayət qədər əlverişlidirsə, əlbəttə o ölkələrə daha çox turist gəlir.

Ümumdünya Turizm Təşkilatının ekspertləri də hesab edirlər ki, dünya qlobal turizm bazarı əgər sabit şərtlə davam edərsə, öz durumunu pandemiyadan öncəki dövrün 80-90%-i qədər bərpa edə bilər. Düşünürəm ki, bu Azərbaycan üçün də keçərlidir. Bu il dünya turistləri əsasən daha qənaətli, qısamüddətli və öz yaşadıqları yerdən çox da uzaq olmayan səfərlərə üstünlük verəcək”.
Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə