Füzuli Musayev: “İdmançılarımızın London Olimpiyadasında ölkəmizi layiqincə təmsil edəcəyinə inanıram”

Füzuli Musayev: “İdmançılarımızın London Olimpiyadasında ölkəmizi layiqincə təmsil edəcəyinə inanıram”

Bu gün Azərbaycanda London Yay Olimpiadasını taekvondo idmanı üzrə idarə edəcək 30 ölkəni təmsil edən hakimlərin 1-ci seminarı keçirilib. Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti doktor Çunq Vo Ço tərəfindən təşəkkür diplomu ilə təltif olunub. Azərbaycan Taekvondo Federasiyasının inzibati binasında keçirilən mətbuat konfransında Dünya Taekvondo Federasiyasının baş katibi Jan-Mare Ayer diplomu ATF-nin vitse-prezidenti Füzuli Musayevə təqdim edib.Tədbirin sonunda isə Füzuli Musayev seminar və London Olimpiyadası haqda SİA-ya müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Bu gün keçirilən seminaın haqda fikirlərinizi bildirərdiniz.

- Artıq bilirsiniz ki, London Yay Olimpiyadasına 5 ay qalıb. Dünya Taekvondo Federasiyasının iki beynəlxalq seminarı olimpiya oyunlarına seçilmiş 30 hakimlə birlikdə davam edəcək. Onlardan birincisinin Bakıda keçirilməsi bizim üçün böyük bir şərəfdir, bildiyiniz kimi ATF-in mərkəzi Dünya Taekvondo Federasiyasının təlim-məşq mərkəzi seçilib və ona görə də bu gün ölkəmizdə keçirilən bu seminar Azərbaycanda taekvondoya verilən qiyməti göstərir.

- London Olimpiyadasına hansı idmançılarımız lisenziya qazanıb?

- Fürsətdən istifadə edib qeyd etmək istəyərdim ki, keçən il, 2011-ci ildə Azərbaycanda taekvondo üzrə dünya təsnifat turniri keçirildi və orada bizim iki idmançımız, Fəridə Əzizova və Ramin Əzizov London Olimpiya oyunlarına lisenziya qazandı. Bilirsiniz ki, hər bir idman növü üçün bu çox vacibdir. Bu günlər məhz təsnifat turnirinin, sonra isə beynəlxalq seminarın Azərbaycanda keçirilməsi onu göstərir ki, London Olimpiya oyunlarının əsas məqamı burdan başlayacaq. Ən böyük arzumuz budur ki, Azərbaycan taekvondoçuları ölkəmizi laiqincə təmsil etsinlər və vətənə qayıtsınlar. Ümid edirəm ki, Azərbaycan idmançıları bütün idman növlər üzrə bu dəfə daha çox bizi sevindirəcəklər.

- Lisenziya əldə etmiş idmançılardan hansı nəticə gözlənilir?

- London Olimpiadasına lisenziya qazanmış taekvondoçulara gəldikdə isə hər iki idmançımız çox gəncdir, Fəridə Əzizovanın 16, Ramin Əzizovun isə 21 yaşı var. Fəridə Əzizova bu yaxınlarda Amerikada keçirilən Beynəlxalq turnirdə iştirak etdi. Ramin Əzizov isə əli əzik olduğu üçün burada iştirak edə bilməyib. Hər iki idmançımıza ümidlərimiz böyükdür, arzu edirəm ki, gözəl nəticələr əldə edəcəyik.

- Bu gün keçirilən seminar neçə gün davam edəcək və burada ölkəmizi təmsil edən hakim varmı?

- Keçirilən seminarın rəsmi hissəsinə gəldikdə isə martın 3-ə qədər davam edəcək, çox gözəl haldır ki, bu seminarda azərbaycanlı hakimimiz də iştirak edir. İnanıram ki, bizim həm idmançılarımız, həm də hakimimiz London Olimpiyadasında ölkəmizi layiqincə təmsil edəcəklər.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə