“Paris-2024”də qazanılan 100-dən çox medal keyfiyyətsiz çıxıb

...geri qaytarılıb

“Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında qazanılan medallardan 100-dən çoxu keyfiyyətsiz olduğu üçün geri qaytarılıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Olimpiadanın başa çatmasından altı ay keçməmiş medalların geri qaytarılmasının əsas səbəbi onların zədələnmiş olması və paslanmasıdır. Medallar arasında bürünc olanların daha çox zədələnməyə və paslanmaya məruz qaldığı bildirilir.

Bu barədə ilk narazılıqlar Olimpiya Oyunlarının başlamasından dərhal sonra ortaya çıxıb. Keçən ilin yayında amerikalı skeytbordçu Nicah Hustonun medalının keyfiyyətsiz olmasına dair videosu sosial mediada xeyli müzakirə edilib. Olimpiadadan bir neçə gün keçməsinə baxmayaraq, medal olduqca köhnə görünürdü. Daha sonra bir çox idmançı eyni problemlə üzləşdiyini açıqlayıb. Son olaraq isə fransalı üzgüçü Klement Sekki medalının timsah dərisinə oxşadığını bildirib.

Beynəlxalq Olimpiya Komitəsinin məsələ ilə bağlı açıqlamasında zədələnmiş medalların istehsalçı “Monnaie de Paris” tərəfindən sistemli şəkildə əvəzlənəcəyi, prosesə yaxın həftələrdə başlanacağı bildirilib.

Qeyd edək ki, Fransanın tanınmış zinət əşyaları brendi “Chaumet” tərəfindən dizayn olunan medallar Eyfel qülləsindən götürülmüş dəmir hissəciklərlə zənginləşdirilib.

Elvin Mövsüm

Bütün xəbərlər Facebook səhifəmizdə