“Qışda günlərin qısa olması və qapalı məkanlarda daha çox zaman keçdirdiyimiz üçün hərəkətsiz həyat tərzi keçiririk. Soyuq havalarda çox qidalanmaq artıq çəki artımına və piylənməyə səbəb olur”. Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Asim Vəliyev bildirib.
O qeyd edib ki, insan bədəninin isti qala bilməsi üçün ifraz etdiyi yağ hüceyrələri çəkini artırır: “Üşüyən insanın enerjiyə və qidaya ehtiyacı artır. Xüsusilə qış aylarında karbohidratla və yağla zəngin qidalar daha çox istehlak edilir. İnsan orqanizmi soyuq havanın təsiri ilə qəbul edilən qidaları depolayıb yağ hüceyrəsinə çevirir. Bu haldan xilas olmaq üçün balanslı və sağlam qidalanmalıyıq.
Gündə 3 əsas və 3 ara yemək olmaq üzrə 6 dəfə qidalanmaq lazımdır. Qış aylarında pendir, yumurta, zeytun, qara çörək və mövsümi tərəvəzlərdən ibarət sağlam bir qəlyanaltı, soyutma ət-balıq, salat, 1 dilim qara çörəkdən ibarət günorta yeməyi yemək lazımdır. Axşamlar zeytun yağlı tərəvəz yeməyi, qatıq, salat kimi yüngül qidalar istehlak edilməlidir. Ara yeməklərdə təzə və ya quru meyvə, süd-ayran-qatıq, badam-qoz istehlak edərək lazımi enerji sağlam qidalarla və uyğun zamanda qəbul edilməlidir.
Yaz aylarında çox tərləmə səbəbindən insan orqanizminin suya olan ehtiyacı artır. Ancaq qış aylarında soyuq səbəbilə su qəbulu azalır. Orqanizmin su ehtiyacı nə qədər azalsa da çəkiyə nəzarət etmək üçün gündə 2-2.5 l su qəbul edilməlidir. Su qəbul etməkdə çətinlik çəkənlər, gündəlik olaraq içəcəkləri suyu darçın, limon ilə dadlandıraraq içə bilərlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB