Bəyanat Azərbaycan Prezidentinin mövqeyini bir daha təsdiqlədi

Bəyanat Azərbaycan Prezidentinin mövqeyini bir daha təsdiqlədi

Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə növbəti üçtərəfli görüş keçirilib. Əvvəlcə Rusiya Prezidenti Paşinyanla görüşüb. V.Putin deyib ki, Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir: “Ona nə vaxtsa son qoyulmalıdır”. Putinin sözlərinə görə, rəsmi Moskva bu prosesi dəstəkləyir.

“Azərbaycan qoşunlarının Ermənistanla sərhəddə ilkin mövqelərə çəkilməsi üçün Rusiyanın aydın mövqeyi vacibdir”. Bu məntiqsiz açıqlamanı isə Nikol Paşinyan Putinlə görüşdə deyib. Sərhədlərin delimitasiyası və demarkasiyası kontekstində baş nazir qeyd edib ki, bu prosesin əvvəlində İrəvan dəfələrlə vurğulayıb ki, ilk növbədə, sərhəddə sabitlik və təhlükəsizlik səviyyəsini artırmaq üçün mexanizmlər yaratmaq lazımdır. Rusiyanın mövqeyi ondan ibarət idi ki, delimitasiya komissiyasının yaradılması özü sərhəd təhlükəsizliyi mexanizminə çevriləcək. Biz bu mövqeyi bölüşməmişik, lakin sonda strateji müttəfiqimiz olan Rusiyanın şərhinə bel bağlamaq qərarına gəldik, - deyən Paşinyan sentyabrın 13-də Azərbaycan qoşunlarının sərhəddə irəlilədiyini və Ermənistan ərazisinə daxil olduğunu iddia edərək növbəti dəfə qeyri-konstruktiv mövqedən çıxış edib və pozuculuq yolunu tutub. Məhz buna görə də Rusiyanın Azərbaycan qoşunlarının 2021-ci il mayın 11-dən əvvəlki mövqelərə çıxarılmasının zəruriliyi ilə bağlı dəqiq mövqeyi Ermənistan üçün indi vacibdir deyə - Paşinyan iddiasını davam etdirib.

Bu əsassız iddialar isə heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan və Ermənistan arasında danışıqları kimin, hansı niyyətlə təşkil etməsindən, bundan öncə hansı hazırlıqlar görülməsindən asılı olmayaraq gündəliyi Azərbaycanın dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyini hər kəs növbəti dəfə gördü. Paşinyan görüşü təşkil edənlərin gah birinə, gah digərinə situativ olaraq, onların maraqlarına tam cavab verən nələrsə səsləndirə bilər, amma onun nəyisə deməsinin heç bir önəmi yoxdur. Bu reallıq Soçi görüşündə növbəti dəfə üzə çıxdı.

Soçi görüşünün yekun bəyanatı Azərbaycan Prezidentinin mövqeyinin orada əsas rol oynadığını göstərir. Bəyanatda Qarabağ haqqında bir kəlmə belə yoxdur. Bu görüşün normallaşma prosesində irəliyə doğru addım olduğu haqqında birmənalı cavab vermək mümkünsüzdür. Amma görüş göstərdi ki, Ermənistanın müttəfiqliyi situativ xarakter daşıyır, Paşinyan tamamilə asılı vəziyyətdədir. Azərbaycan isə görüşü kimin təşkil etməsindən asılı olmayaraq, azacıq sülh işarəsi olduğu halda həmin danışıqlardan qaçmır və qaçmayacaq: "Azərbaycan bütün danışıqlara özünün irəli sürdüyü, beynəlxalq normalara dayanan 5 şərtlə gedir. Bizim üçün Qarabağ məsələsi həll olunub. Prezident İlham Əliyev indiyədək apardığı bütün danışıqlarda olduğu kimi, Azərbaycanın maraqlarına cavab vermədiyi halda belə danışıqları neytrallaşdırmağı, yaxud öz lehimizə çevirməyi çox uğurla bacarır".

Azərbaycan Soçi görüşündə haqlı maraqlarını daha inamla müdafiə edib: "Görüş 2020-ci il 10 noyabr tarixli birgə bəyanatın imzalanmasının ikinci ili ərəfəsinə təsadüf etdi. Eyni zamanda ötən ilin noyabrında Soçidə sayca üçüncü sənəd, ötən ilin əvvəlində isə Moskvada daha bir sənəd imzalanmışdı. Rusiya Prezidenti bildirdi ki, imzalanmış sənədlərdə ifadə olunmuş şərtlərə nə dərəcədə əməl olunması vacibdir". Bu baxımdan görüşdə Ermənistanın cavab verməli olduğu məqamlar var idi. Çünki o, imitasiyalarla məşğul olaraq sözügedən istiqamətdə heç bir praktiki addım atmayıb. Azərbaycan isə əldə olunmuş razılaşmanın şərtlərinə uyğun demək olar ki, bütün addımları atıb. Bu baxımdan Azərbaycan növbəti dəfə etibarlı tərəfdaş olduğunu, həm öz haqlı maraqlarını sonadək müdafiə etmək iradəsini nümayiş etdirdi.

Görüşün nəticəsi olaraq təqdim olunan bəyanatda nə Qarabağ ifadəsi işlədildi, nə də Azərbaycan ərazisində yaşayan ermənilərin statusu məsələsi qabardıldı. Bu da ona dəlalət edir ki, vəziyyəti normallaşdırmaq üzrə proseslər Azərbaycanın irəli sürmüş olduğu təkliflər üzrə getməkdədir.

Gunay Hacızadə

Xəzər rayonu, 183 nomrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə