Yaşıllıqların bərpası istiqamətində hansı işlər aparılır? - ARAŞDIRMA

Müasir qlobal ekoloji böhran şəraitində ekoloji siyasət istənilən dövlətin ümumi siyasətinin vacib tərkib hissəsini təşkil edir. Beynəlxalq ictimaiyyət bütün növ meşələrin davamlı idarə edilməsini, meşələrin qırılmasının dayandırılmasını, deqradasiyaya uğramış meşələrin bərpasını və meşələrin salınması üzrə fasiləsiz işlər aparır.

1990-cı ildən bəri meşə sahələrinin kəskin dərəcədə azaldığını nəzərə alaraq, 2030-cu ilə qədər meşə sahəsini 3 faiz artırmaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı plan hazırlamışdır. Lakin mütəxəssislər həmin plana çatmaq ehtimalının az olduğunu qeyd edirlər. Meşə massivləri 1990-cı illərdə ildə 7,8 milyon hektar, 2010-2020-ci illərdə ildə 4,7 milyon hektara qədər azalmaqdadır. 1990-2020-ci illər arasında qlobal meşə sahəsi 178 milyon hektar azalıb ki, bu da təxminən Liviya ölkə ərazisinin ölçüsünə bərabərdir.

Qardaş ölkə Türkiyə abadlıq işlərinə görə Avropada birinci, dünyada isə altıncı yerdədir. Meşə sahələrinin sayının artırılması, mövcud meşələrə qulluq göstərilməsi, şəhərətrafı ərazilərdə və yaşayış məntəqələrində yaşıllıq sahələrinə qulluq göstərilməsi işləri qanunla, milli proqramla və ayrı-ayrı layihələrlə tənzimlənir.

Qlobal Meşə Resurslarının qiymətləndirilməsinin beynəlxalq hesabatına əsasən, Türkiyə 2015-ci ildə dünyada 46-cı, 2020-ci ildə ölkənin yaşıllaşdırılması istiqamətində görülən işlərin səviyyəsinə görə 27-ci yerdə olub. Hətta 2019-cu ildən 11 noyabr Türkiyədə Milli Meşələrin Bərpası Günü elan edilib.

Türkiyə ilk “meşə məcəlləsi”ni 1937-ci ildə qəbul etmişdir. Sənəd meşələrin mühafizəsi, səmərəli istifadəsi və meşə sahələrinin artırılması strategiyasını müəyyən edir. Rəsmi məlumatlara görə, 1973-cü ildə meşə sahələri 20,2 milyon hektar, 2005-ci ildə 21,2 milyon hektar, 2020-ci ildə 22,9 milyon hektar (ölkənin ümumi sahəsi 783,6 min km2) təşkil etmişdir. Son 18 ildə Türkiyədə meşə fondları 2,1 milyon hektar artıb. Müəyyən edilmiş hədəf Türkiyənin 100-cü ildönümünü ilə əlaqədar qeyd edəcəyi 2023-cü ildə ölkənin ümumi ərazisinin 30%-nə bərabər olan 23,4 milyon hektar meşə sahəsinə çatmaqdır.

Rusiyada "Meşələrin Mühafizəsi" federal layihəsi çərçivəsində fəaliyyətlər ümumi sahəsi 1,25 milyon hektar olan ərazilərə meşə bərpa işləri aparılır. Bu il 213 min hektar sahədə meşəbərpa işləri aparılıb. Ən böyük işlər Uzaq Şərq regionları - 45 min hektar, Şimal-Qərb Federal Dairəsi - 38 min hektar, Volqaboyu - 35 min hektar, Mərkəzi Federal Dairəsi - 34 min hektar və Sibir - 31 min hektar üçün nəzərdə tutulmuşdur.

Bəs ölkəmizdə meşələrin salınması və bərpası ilə bağlı hansı işlər görülür?

1970-ci ilədək Bakı şəhərində 3 min hektara qədər yaşıllıq sahəsi mövcud idisə, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin illərdə yaşıllıqların sahəsi 17 min hektara çatdırılmışdı. Bu dövrdə ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunmasına dair 8 qanun qəbul olunmuş, hökumət səviyyəsində 30-dan artıq qərar təsdiq edilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin reallaşdırdığı ekoloji siyasət strategiyası müstəqil Azərbaycanın ekoloji siyasətinin təməlidir. Heydər Əliyevin uğurla başladığı bu strateji xətti onun layiqli davamçısı və siyasi varisi, Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev zənginləşdirərək yeni keyfiyyət səviyyəsində böyük vüsətlə davam etdirdi. Müxtəlif vaxtlarda icra olunan ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə etməklə, ümumilikdə ölkəmizin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına böyük töhfələr verdi.

Son 10-15 ildə paytaxtda və regionlarda yaşıllaşdırma, abadlaşdırma, parksalma işləri daha qabarıq şəkildə özünü göstərir. Son beş ildə Bakı və onun ətraf qəsəbələrində 65 yeni mədəniyyət və istirahət parkı salınıb.

Bütün görülən işlərə baxmayaraq ölkədə yaşıllıqların kifayət qədər olmaması ən öndə gedən problemlərdən biri olaraq qalmaqdadır.

Azərbaycan meşə ehtiyatlarına görə Cənubi Qafqazda ən az meşə sahələrində malik olan ölkələrdən biridir. Qonşu Gürcüstanda 39 faiz, Ermənistanda 35 faiz , Türkiyədə 35 faiz, Rusiyada 45 faiz Azərbaycanda isə cəmi 11 faiz meşə sahələri təşkil edir. Ümumi meşə ilə örtülü olan ərazilərin sahəsi 1 milyon hektardandan artıqdır. Və bu meşə örtüyü ölkədə bir nəfər üzrə hesablayanda 0,014 hektar düşür, dünya üzrə ən minimal nəticə 0,4 hektardır.

Bakı şəhəri üzrə cəmi 5 faiz, dünya üzrə bu hal 20/25 kv metrdən yüksəkdir. Şəhərlərimizdə yaşıllıq əraziləri həddindən artıq azdır. Bu da havanın çirklənməsinin qarşısını ala bilmir, çirklənmə yüksək olur, müxtəlif xəstəliklərin bronxial asma, ürək damar xəstəliklərin yaranmasına, nəfəs orqanların xəstələnməsinə səbəb olur. Son dövrlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən meşə bərpa işləri aparıldığını bəyan edib. Hətta faktiki olan meşələrində də azalma halları baş verir. Xüsusilə avqust ayında güclü küləklərin əsməsi səbəbindən və digər səbəblərdən meşə yanğınları baş vermişdir, Azərbaycan meşə ilə örtülü Şimali Qafqaz dağları Quba, Xaçmaz, Şabran, Siyəzən rayonunda rəsmi məlumatlara görə, 5 min hektardan artıq ərazidə yanğın baş vermişdir. Bu ərazilərə eyni zamanda Şamaxıda Pirqulu meşəsi də daxildir. Yanğınlar Zaqatala, Şəki zonasında da davam edib.

Meşələrin artırılması niyə vacibdir?

Hər birimiz bilirik ki, insan oksigen olmasa yaşaya bilməz. Oksigeni bizə təminat verənlərdən ən böyüyü meşə sistemidir. 1 ağac təxminən il ərzində 100 kq qədər oksigen verir və 40 kq qədər karbon qazını udur. Bunu müqayisə etsək bir insan il ərzində təxminən 700 kq qədər oksigen udur, deməli 6/7 ağac bir insanı oksigenlə təmin edə bilər. Normal ağac bir ailəni oksigenlə təmin etmək gücünə malikdir. Azərbaycanda ən az meşə örtüyü olan Aran zonasıdır ki, ölkənin kənd təsərrüfatı sahəsinin ən çox inkişaf etdiyi ərazilərdən sayılır. Burada da zamanında Kür çayı boyunca Tuqay meşələri olub. Bakı şəhəri üzrə son 10 ilin tədqiqatına görə sənayeləşdirmənin nəticəsidir ki, min kv.km hektara qədər ərazi məhv edilmişdir. Xüsusilə Bakı şəhərinin əhalinin gur yaşadığı yerlərdə Neftçilər, Azadlıq metrosu ətrafında, Ayna Sultanovanın ətrafında Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrində meşə motivləri qırılaraq yerində müxtəlif obyektlər tikilmişdir.

Dünya üzrə təxminən 4 milyard hektara yaxın meşə ərazisi var. Onlar əsasən Cənubi Amerika, Rusiya Braziliya, Kanada, ABŞ-dakı digər ərazilərdədir. Ən çox meşə əraziləri dünyanın ağciyərləri hesab olunan Amazon meşələrinin özündə də krizis var və xeyli qırılma gedir. Əhalinin artımı ilə bağlı əkin sahələrin salınması nəticəsində meşələr qırılır. Qlobal istiləşmənin yaranmasının bir səbəbi də karbon qazının atmosferdə artmasıdır ki, bunun nəticəsində günəş şüaların geri qayıtması prosesi baş verir və nəticədə torpağa günəş enerjisi kifayət qədər çatmadıqda inkişaf prosesləri ləngiyir. Bu da insanlarda müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.

Respublika ərazisində yaşıllıqların salınması istiqamətində İdeya İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə yerli İcra Hakimyyəti orqanları və Bələdiyyələrin iştirakı ilə respublika ərazisində son illərdə genişmiqyaslı yaşıllıq sahələri yaradılmışdır. Bu tendensiya hal-hazırda da davam edir. Misal olaraq regional meşə təsərrüfatı mərkəzlərinin illik hesabatlarında meşə əkini sxemləri ilə, meşə uçotları ilə bunlar öz əksini tapır. Yanğınlar nəticəsində tələf olmuş yaşıllıqların bərpası meşə fondu torpaqlarında xüsusi mühafizə olunan təbiət ərazilərində meşə bərpa tədbirlərinin köməyi ilə həyata keçirilir. Qeyri meşə fondu torpaqlarında isə yaşıllıqların bərpası qaydasına uyğun olaraq yaşıllıqlar götürülür və hər birinin yerində əlavə yaşıllıq əraziləri yaradılır. Ümumiyyətlə son illərdə respublika ərazisində ağacların kütləvi quruması iynəyarpaqlılar, şam və sərv ağacların quruması müşahidə olunur. Ən çox kütləvi şəkildə quruyan ağaclar Xəzər rayonu ərazisində, xüsusilə Mərdəkan qəsəbəsində müşahidə olunmuşdur. Bununla yanaşı Nərimanov, Binəqədi rayonu ərazilərində, daha çox Qaradağ rayonu ərazisində kütləvi qurumalar müşahidə olunur ki, onların da götürülməsi, yaşıllıqların götürülməsi qaydasına uyğun olaraq həyata keçirilir. Hal-hazırda xəstəliklərə yoluxmuş ağacların götürülməsi və onların filtrizasiyası yerinə yetirilir və nəticədə ərazi dərmanlanaraq su preparatlarla, kimyəvi vasitələrlə təmizlədikdən sonra həmin ərazilərdə yeni ağac tinglərinin əkilməsi həyata keçirilir və hal-hazırda da əkilməsinə ehtiyac vardır.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə