Şiddətli depressiyadan əziyyət çəkən insanlar üçün ümidsizlik təhlükəli bir simptomdur. “Mənsiz həyat ətrafımdakı insanlara daha faydalı olardı” düşüncəsi ilə insan həyatına son qoya bilər. Son zamanlar qətl və intihar hadisələrinin sayı şiddətlə artmaqda davam edir. Bəs, bunların səbəbi nədir? Qətl və intiharların qarşısı necə alınmalıdır? SİA mövzu ilə bağlı sosioloq və psixoloqun fikirlərini öyrənib.
Fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub: "İntihar və qətl fərqli məfhumlardır. Təbii ki, hər ikisi cinayətdir, lakin müxtəlif mahiyyətləri var.
İntihar modern dövrün ciddi bəlalarından biridir. Təəssüf ki, yüksək rifaha sahib bəzi ölkələrdə də intihar hallarının sayı çoxdur. Bu, onu göstərir ki, intihara səbəb olan amillər təkcə maddi problemlərlə əlaqəli deyil. Burada psixoloji faktor çox ciddi rol oynayır.
Bəzən insanın maddi rifahı yaxşıdır, amma sıxılır, darıxır. Hətta deyərdim, zahirən maddi problemdən doğan intiharların kökündə də psixoloji səbəb dayanır. Güclü mənəvi-psixoloji stabilliyi olan şəxs nə qədər maddi çətinliyi olsa da, intihara əl atmaz.
İntiharın əsas səbəblərindən biri insanın özünü tənha-köməksiz hiss etməsidir. Nə etməli? Bacardığımız qədər ünsiyyətlərimizi çoxaltmalıyıq. Ünsiyyət dərmandır. Bir-birimizə maddi dəstək ola bilməsək də, mənəvi dəstək olaq. Bizim bir-birimizi dinləməyə ehtiyacımız var. Fransız sosioloqu Emil Dürkheym intihar haqda araşdırmasında deyir ki, "İntihar protestantlar arasında daha çox yayılıb. Ona görə ki, protestantizmdə insanın qiyamət günü Tanrı qarşısında tənha qalıb, dəqiq hesabat verəcəyinə çox təkid edilir. Bu tənhalıq hissinin aşılanması insanı darıxdırır və o inthara əl atır".

Psixoloq Fidan Nizamova: "İntihar öncədən düşünülmüş bir addımdıra, qətl hadisələri də çox vaxt hansısa maddə səbəbindən baş verir. İstisna hallar təbii ki var.
İntihar edən insana yaşamaq çətin və mənasız gəlir. Ölkəmizi götürsək, intiharlar daha çox namus-qeyrət, yaxud da valideyn-övlad səbəbindən irəli gəlir. Belə ki, əslində bu səbəblər ciddi olmur. İnsanlara elə gəlir ki, adi bir şeylər üstündə onları qınayıb bağışlamayacaqlar. Bu onun cəmiyyət və ailəsi ilə mübarizəsidir. Bu səbəbdən də bir adama irad bildirərkən düşünmək lazımdır. Burada bizim də üzərimizə böyük məsuliyyət düşür.
Çox səbəblər göstərilir. Məsələn, maddi durumun aşağı olması, sevgilidən ayrılma və s. İnsana öncə ailə və cəmiyyət dəstək olmalıdır. Dediyimiz hər bir sözdə, etdiyimiz zarafatda çox diqqətli olmalıyıq. Çünki hər kəs çox həssasdır. Bu həssaslıq Vətən müharibəsi və pandemiyadan sonra daha da artıb.
Qətldə isə fərqli məqamlar var. Bu insanın özünün qəbul edilməməsi ilə bağlıdır. Məsələn, kişilərdə sevdiyi qadın, yaxud həyat yoldaşı ondan ayrılarsa, o belə hallara əl atır. Bu düşüncələr insanları yanlış addım atmağa vadar edir. Bu haqda düşünmək lazımdır.
Qətllər maddi məsələ üzərində də ola bilər. Gənclər bir anlıq heç nəyi düşünmədən belə addım ata bilirlər. Başqa çıxış yolları tapılmalıdır. Gənclərə səslənirəm ki, həll olunmayacaq problem yoxdur. Peşəkarlar və hər zaman dəstək olmağa hazır olan insanlar var".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB