Kişilər, yoxsa qadınlar ağzı bütövdür? - ARAŞDIRMA

Əgər sirdaşınız varsa, çox şanslısınız. Etibar edə biləcəyiniz bir dost sirrinizi yaxşı qoruya bilər. Sirlərin deyildiyi şəxs olmaq hər zaman sizə güc və müdriklik verir. Bu vəziyyətdə dostunuz və ya dostlarınız həm sizin ağıllı olduğunuza inanır, həm də sizə güvənir. Sirri sizə söyləmək hörmətinizi artırır. Bu sizin etibarlı şəxs olduğunuzu göstərir.

Ümumiyyətlə, sirr saxlamaq çox çətindir. Bu, hər adama nəsib olacaq bir duyğu deyil. Sirrimizi verdiyimiz şəxs də bizim üçün çox dəyərli olur. Yəni, hər yoldan keçənə sirr verilməz, verilməməlidir. Bunun üçün necə deyərlər, "Yüz ölçüb, bir biçmək lazımdır".

Sirr çox ağır yükdür və böyük məsuliyyətdir. Bunu qorumağı yalnız sadiq və güvənilir insanlar bacarır.

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, bir şəxs (sizə) söz deyər və sonra ətrafına baxar, o söz əmanət və sirdir". (Gərək onu qorumaq üçün çalışasan).

İslam dinində əmanətin bir çox növü vardır. İnsanların sirrini saxlamaq da əmanətin bir növüdür. Bu mövzu dinimizdə o qədər əhəmiyyətlidir ki, sirri ifşa etmək kəbirə günahlardan hesab olunur. (Həvzəh)

Bu sözün sirr olmasını isbat etmək lazım deyildir. Bəlkə əgər bu sözü deyən şəxs onu yavaş səslə deyər və sonra ətrafına nəzər salarsa, deməli, bu söz sirdir. Ona görə də onun ifşa olmasına imkan vermək olmaz və onu əmanət kimi qorumaq - möminin borcudur.

Güvən heç bir narahatlıq, şübhə və tərəddüd etmədən kiməsə bağlanıb ona inanmaq, özünü ona təslim edə bilməkdir. Güvəndiyiniz insana açıq şəkildə özünüzü təqdim edir, hisslərinizi və düşüncələrinizi paylaşırsınız, çünki güvən olan yerdə dürüstlük, yaxınlıq, dəstək və ən əsası bağlılıq var.

Güvən qazanmağın yollarını bilmək üçün ilk şey ünsiyyətdir. Güvən qazanmaq üçün açıq fikirli olmaq, başqasının fikrinə önəm vermək və yaxşı dinləyici olmaq vacibdir. Eynilə, şəffaf olmaq və həqiqəti gizlətməmək etibar qazanmağın bir yoludur.

Aparılan araşdırma qadınlar üçün maraqlı bir nəticə ortaya çıxarıb. Alimlərin illərlə apardığı araşdırmalar nəticəsində ortaya çıxan həqiqət hər kəsi təəccübləndirib. 18-65 yaş arası 3 min qadın üzərində aparılan araşdırmada hər on qadından dördünün sirr saxlaya bilmədiyi üzə çıxıb. Qadınlar sirr saxlamaqda həqiqətən uğursuz olurlar. Bir qadının saxlaya biləcəyi sirrin ömrü cəmi 47 saatdır. Tədqiqatçılar qadınların bir sirri öyrənən kimi ona necə həvəslə danışdıqlarını üzə çıxarıblar.

İngiltərədə aparılan araşdırmalara görə, qadınlar dedi-qoduya gəldikdə olduqca maraqlı olurlar. O qədər ki, eşitdikləri sirri maksimum 47 saat saxlaya bilirlər. Beləliklə, iki gün belə saxlaya bilmirlər.

“Sirr vermə dostuna, dostunun da dostu var” kimi atalar sözləri və deyimlərimiz bizə yaşadığımız hadisələri, sirləri rahatlıqla başqasına söyləyə biləcəyimizi bildirir. Qadınların sirr saxlaya bilməməsi İngiltərədəki “Wines of Chile” araşdırma komissiyası tərəfindən 18-65 yaş arası üç min qadın üzərində aparılan araşdırmada sübuta yetirilib.

Əksər qadınlar ona əmanət edilən sirri sevgili, ər, analarına və dostlarına deyirlər. 40 faiz sirr saxlamağın onlar üçün çətin olduğunu etiraf edir, dostu ilə bağlı sirri o adamı tanımayan tamamilə fərqli dostlar qrupundan olan yaxın dostuna dediklərini etiraf edir və bunun məqbul olduğuna inanırlar.

Qızlar sirlərini əsasən üzbəüz, mesajla və ya telefonla danışaraq paylaşırlar. 2/3 sirrini başqasına ötürəndə rahatlaşır. Bəzilər vaxt keçdikdən sonra özlərini günahkar hiss edir.

Bəs, paylaşmaq və dedikdən sonra rahatlamaq, peşman olmaq istəyinin psixologiyası nədir?

Danışan bu məlumatı verməklə qarşı tərəfə özünü xüsusi hiss etdirdiyini zənn etdiyi halda, əslində özünün informasiya şəbəkəsinin zənginliyini, mənəvi dəyərlərinin müsbət fərqliliyini göstərməklə, bilici olmaqla özünü xüsusi hiss edir. Qarşı tərəfə məlumat verdiyini və bu məlumatdan onun da faydalanacağını düşünür. Eyni zamanda paylaşılan məlumatların xarakterinə görə dəstək alır, müxtəlif fikirləri dəyərləndirir və bu fikirlərdən qidalanır. Danışılacaq mövzu yaradılır, söhbətin səviyyəsini müəyyən edir. Bunun üçün mədəniyyət və bilik tələb olunmur. Sirri dedikdən sonra yaşanan peşmanlığın səbəbi isə bu faydanın konkret olaraq görülməməsi, sirrini paylaşaraq həmin şəxsə qarşı çətin vəziyyətdə olmaq hissinə çevrilməsidir.

SİA mövzu ilə bağlı psixoloq və ekspertlərin fikirlərini öyrənib.

Psixoloq Aytən Ələkbərova: “Ümumiyyətlə, fərdi yanaşma praktik psixoloqun əsas fəaliyyət prinsiplərindən biridir. Hansı ki, şəxsiyətin fərdi xüsusiyyəti dedikdə bir şəxsin digərindən fərqli olan xüsusiyyətləri başa düşülür. Bu baxımdan da qadınların və yaxud kişilərin sirr saxlamasında yanaşma fərdidir. Yəni, xasiyyətnamə üçün materiallar müxtəlif həyat şəraitində aparılacaq müşahidə yolu ilə toplanılır.

Sirr saxlamaq insanın bir başa xarakteri ilə bağlı olduğuna görə həmin xasiyyətnamələrdə də hər hansı bir qiymətləndirmə hallarından uzaqlaşmaq məsləhətdir. Çünki burada ilk olaraq insanın psixi inkişafının gedişini təhlil edərək praktik psixoloq üçün son dərəcə vacib olan nəticəyə gəlinir. Hər yaş mərhələsində psixanın inkişafında yaranmış daxili şərtlər sonradan həyata keçirilənlərdən daha çox zəngin olur.

Mənim üçün ən gözəl sirr saxlayan bəylərdir. Çünki kişidir və ulqumu var. Bu, haradan başlayır? Gəlin, qısa tarixçəsinə nəzər yetirək. Bilirik ki, kişilər ata genetikasından 90 faiz götürsələr də, ana genetikasının 10 faizi daha çox üstünlük təşkil edir. Bu 10 faizin içərisində bir oğlan uşağının ananı qoruması, onun yanında olaraq atadan qorumaq məqsədilə dostluq prinsipindən irəli gəlir. Deməli, kişilərə daha çox sirr saxlayan desək də, amma alt şüurun kökündə bu məsələ anadan keçir. Yəni, qadınlar daha yaxşı sirr saxlayır.

Sirr saxlamaq elə bir şeydir ki, sirrin sənin əsirindir. Sən o zaman sirrinin əsiri olursan ki, artıq onu başqası ilə bölüşmüş olursan. İnsanlarımız son günlər anlayır ki, dostdan da, qohumdan da yaxşı sirr saxlayan onları daha dərindən tanıyan psixoloqlarıdır. Psixoloqun yanında danışılan sirr elə orada da qalır. Doğrudur, ABŞ-da psixoloqlar “Pullu dost” adlandırılır. Amma bu “Pullu dost” olsa belə, sonunda səni anlayacaq və düzgün yerə yönləndirəcək bir dostdur. O praktik psixoloq olaraq fərdi yanaşmasıyla halal pulunu qazansa da, sən də arxayın olursan ki, mənim sirrim heç yerə çıxmayacaq.

Hər bir insanın marağı, qabiliyyəti, bütünlüklə şəxsiyyəti, özünü tərbiyəsi və yenidənqurması üçün fərdi sepisifik üsullar tapılmalıdır. İstər qadın olsun, istər kişi ilk önəmli olan xasiyyətnamədir. Hər şey insanın öz xarakterindən asılıdır”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Cəmiyyətdə belə bir rəy var ki, qadınlar sirr saxlamırlar və bu gün eşitdiklərini sabah kiminsə ovcuna qoyurlar. Əslində, son illər müşahidələrimə əsasən deyə bilərəm ki, sirr saxlamaq kişi və ya qadınla bağlı deyil, birbaşa xarakterlə bağlı olan məsələdir. Yəni, xəbərçilik etmək, yaxud da kiminsə sirrini qoruyub saxlamaq sırf insan xarakteri ilə bağlı olan məsələdir. Mən bu gün eşitdiyini 5 dəqiqə sonra başqasının ovcuna qoyan çoxlu sayda qadın və analoji qaydada davranan çoxlu sayda kişi də görmüşəm. Yəni, həm qadın, həm də kişi tanışlarım olub ki, sirr saxlamayaraq kiminsə ayıb olan sirrlərini yayıblar.

İstənilən halda başqasının sirrini yaymaq insanlığa yaraşmır və ayıbdır. Hesab edirəm ki, əgər hansısa sirr bizə etibar olunubsa, biz onu qoruyub saxlamalıyıq. Bizim başqalarının sirrini yaymağa ixtiyarımız yoxdur. Bu, mənəvi cəhətdən düzgün addım deyil və insanı hörmətdən, etibardan salır. Sirr saxlamağı bacarmayan insanlar başqalarının yanında etibarsız kimi tanınır və onlara güvənmək olmaz. Mən də sirr saxlamağı bacarmayan insanlara güvənməməyi tərcih edirəm və həmişə mənə etibar olunan sirri gözbəbəyim kimi qorumağa çalışıram.

Buna görə də birmənalı şəkildə qərar vermək çətindir ki, qadınlar və yaxud kişilər sirr saxlamır. Bəlkə də nə vaxtsa qadınların sirr saxlamaması ilə bağlı problemlər olub. Amma indi sirr saxlamağı bacaran, hətta yanında baş kəsilsə belə onu sirr kimi saxlayan qadınlar var”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...