Yeniyetmələri necə motivasiya etmək olar? - PSİXOLOQ AÇIQLADI

"Stimul olaraq yeniyetmələrin özlərini böyük hiss etmələrinə şərait yaradın. Onları lazımlı məcraya yönəldin. Qoy yeniyetmə cəmiyyətin məqsədlərini, normalarını, dəyərlərini mənimsəsin və həyatına tətbiq etməyi bacarsın". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Onun sözlərinə görə, yeniyetmə üçün ünsiyyət ən vacib fəaliyyətlərdən biridir: "Onun öz yaşıdları arasında nüfuz qazanmasına kömək edin. Bu, yeniyetmələrin gələcəkdə özünü təsdiqi üçün bir səbəb olacaq. Övladınızı hansısa sahədə özünü axtarmasına həvəsləndirin.

Dostluq da motivasiya üçün variantlardan biridir. Ən əsası bu məsələdə ifrata varmamaqdır. Yəni, ona dostları ilə görüşməyi qadağan etmək əvəzinə, bu görüşə şərait yaradın. Məsələn, məktəbdə ilk yarım ili yaxşı qiymətlərlə başa vurmusan-dostlarınla evdə qonaqlıq təşkil edə bilərsən".

Psixoloq sözlərinə belə davam edib: "Motivasiya kimi yeniyetmələrin maraqlarından istifadə edin. Bu yaşda onlarda həvəs güclü olur və tez-tez dəyişir. Bu cür motivasiyanın öhdəsindən ən yaxşı yeniyetmələrin nüfuz dairəsində olan böyüklər gələ bilər: sevimli müəllimləri, öz işini həvəslə görən valideynlər və s. Onun üçün ən əsası şəxsi nümunədir.

Valideynlərin bəxş edə biləcəyi emosiya əla motivasiyadır. Övladınıza sevinc gətirəcək birgə işlər və səfərlər planlaşdırın".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə