Xocavənd rayonu üzrə dövlət qulluğunda fərqlənənlər mükafatlandırılıblar

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Xocavənd qəsəbəsində tədbir keçirilib. Tədbirin iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyub, dahi rəhbərə hörmət və ehtiramlarını bildiriblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, respublikamızda dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatlardan, qazanılan uğurlardan bəhs edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılıb. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olub. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu Qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlayıb. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir.

Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin ölkədə dövlət qulluğu sisteminin təkmilləşməsinə, dövlət qulluqçularının sosial müdafiəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edən E.Hüseynov dövlətimizin başçısının 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət Qulluqçularının Peşə Bayramı Gününün təsis olunmasını da bu sahədə çalışan insanların əməyinə ən yüksək səviyyədə dəyər verilməsinin daha bir təzahürü olduğunu vurğulayıb.

Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusuna Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Xocavənd Rayon Komitəsi tərəfindən hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə