Uşağın adını kim təyin etməlidir? - ARAŞDIRMA

Evlilik ömür boyu davam edəcək həyat səyahətidir. Bu səyahətdə sevincli anlarla yanaşı, kədərli anları da olacaq. Əsas odur ki, həmişə qarşılaşacağınız problemləri həll etməyə çalışın. O anların bəlkə də ən önəmlisi körpənizin doğulduğu günlər və ona adqoyma prosesidir. Əksər ailələrdə bu məsələ həyat yoldaşları arasında ad mübahisələri ola bilər. Bu mərhələdə bir sıra incikliklər yaşanır.

Təbii ki, körpənizə qayınananızın və ya qayınatanızın adını vermək məcburiyyətində deyilsiniz və həyat yoldaşınızın körpənizə qoyacağı adı bəyənmirsinizsə, onu qəbul etməyə də bilərsiniz. Yəni nə kişinin, nə qadının, nə də ailə ağsaqqallarının özbaşına uşağa ad qoymaq hüququ yoxdur. Uşağın adını valideynlər birlikdə verəcəyi ortaq qərarla təyin edirlər. Hər mövzuda olduğu kimi, burada da evlilikdə ortaq qərarlar vermək bacarığı önəmlidir.

Xüsusilə ilk hamiləlikdə körpəyə ad qoyma həyəcanı həm ana, həm də ata üçün kifayət qədər yüksək olur. Bəziləri körpələrinə arzuladıqları adı vermək istəyərkən, bəziləri müxtəlif səbəblərdən ailəsindəki böyüyünün adını qoya bilir.

Qız və ya oğlan olmasından asılı olmayaraq, uşağa ad qoymaqda zaman-zaman valideynlər arasında münaqişələr yarana bilər. Mümkünsə, həyat yoldaşlarının birlikdə qərar verməsi və hər iki tərəfi razı salması yaxşı bir davranışdır. Ancaq tərəflər bunu edə bilmirlərsə, ortaq bir yol tapmaq üçün dinimizdə ana və ya atanın ad qoymağa səlahiyyəti olub-olmamasına baxmaq lazımdır.

SİA mövzu ilə bağlı araşdırma apararaq psixoloq və eksperlərin fikirlərini öyrənib.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Valideynlərin gənc ailələr üzərindəki təsirini danmaq olmaz. Şərq ölkələrində, xüsusilə Azərbaycanda bu tendensiya özünü daha qabarıq göstərir. Bir çox hallarda valideynlər gənc cütlüyün yerinə qərar verirlər. Yeni doğulan körpəyə adqoyma mərasimi də bu kateqoriyaya daxildir. Bəzən körpələrə adı ata-anaları deyil, baba və nənələri verir. Bu vaxt valideynlərin rəyi nəzərə alınmır. Məncə, bu doğru deyil. Körpələrə adqoyma mərasimi ailə üzvlərinin iştirakı ilə təşkil olunmalıdır.

Biz 21-ci əsrdə yaşayırıq, uşaq böyüyəndə öz adından utanmamalıdır. Mən övladımdan tələb edə bilmərəm ki, dünyaya gələn uşağına 100 il əvvəl yaşamış babamın adını qoysun. Hər dövrün dəbdə olan adı var. Əgər gənclər dəblə uyğunlaşmaq istəyirlərsə, bunu onlara qadağan edə bilmərik.

Bəzən adqoyma mərasimi riyakarlıqla, yaltaqlıqla müşahidə olunur. Dəfələrlə şahidi olmuşam ki, ailə başçısı öz kasıb atasının deyil, varlı qayınatasının adını dünyaya yeni gələn oğluna vermək istəyir. Bunu xoş niyyətlə deyil, riyakarlıqla edəndə kənardan çox iyrənc görünür. Adqoyma mərasimini alver predmetinə çevirmək olmaz”.

Psixoloq Kəmalə Əliyeva: “İnsanın adı onun üçün önəmlidir. Ona görə ki, onun kimliyini ifadə edir. Ad seçərkən elə etməliyik ki, ona o adla müraciət edə bilək.

Bəzən böyüklərimizin adları qoyulur, amma o adla çağırmırıq uşağı. Bu, doğru deyil. Onun adı onun kimliyidir. Uşağa babanın, nənənin adı verilir və onların müəyyən xüsusiyyətləri uşaqdan tələb olunur. Uşaq olduğu kimi yox, tələb olunan kimi olur. Hər uşaq unikaldır. Kiminsə eynisi olması yerinə, ola biləcəyi kimi olması və bunu ən yaxşı formada bacarması üçün şərait yaradılması məqsədəuyğundur.

Bəzən uşağa qısaltma adlar qoyulur müəyyən yaşdan sonra uşaq buna etiraz edərək bu qısaltma adı istəmir. Ətraf isə bu ada alışıb və bu adla xitab edir.

Uşağa adın verilməsi isə ailənin razılığı ilə olmalıdır. Ana və atanın istəyi, adın müəyyən məna ehtiva etməsi vacib nüansdır".

SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib.

Şəhər sakini İlqanə Piriyeva: “Ana və ata övladına adı şəxsən özü seçib qoymalıdır. Bu, onların ən böyük haqqıdır. Nənə və babaların bu işə qarışmasını doğru hesab etmirəm. Bu, düzgün addım deyil. Övlad sahibinin qərarına hörmətlə yanaşmaq lazımdır. Ad seçərkən əsas müasirliyə diqqət etmək lazımdır ki, uşaq böyüdükdə adından utanmasın”.

Şəhər sakini Rüfanə İsmayılova: “Uşağın adı ata və ananın ortaq qərarı əsasında qoyulmalıdır. Bəzən bu məsələlərə nənə-babalar da müdaxilə edir. Hər ailənin öz qanunları var. Bəzi gənclər nənə-babaya hörmətlə yanaşır ki, onlar ad qoysun. Amma ən gözəli hamının bəyəndiyi ortaq adı seçməkdir. Ən əsası isə düşünmək lazımdır ki, uşaq da böyüdükdə bu adı sevərək onunla bütünləşsin. Müasir adlara üstünlük vermək lazımdır”.

Şəhər sakini Aliyə Qarayeva: “Əslində, uşağa ad seçərkən böyüklərlə məsləhət etmək lazımdır. Amma böyüklər də gənclərin fikrini nəzərə almalıdır ki, onlar da gəncdir, ola bilər ki, özləri hər hansı bir ad seçər. Amma bəzən elə ailələr də olur ki, uşağa ad qoyarkən qətiyyən müdaxilə etmirlər, bu işi gənc ata-ananın öhdəsinə buraxırlar. Mən gənclərə hörmətlə yanaşıram. Həyat da onlarındır, uşaq da. Necə xoşdur elə də etsinlər".

Şəhər sakini Sevinc Əliyeva: “Uşağa adı valideyn qoymalıdır. Nənə-babalar adın daha çox qədimliyinə üstünlük verir. Ad seçərkən onun mənasını da bilmək lazımdır. Bu, çox önəmlidir. Həmçinin, belə bir deyim var ki, uşağın adı onun taleyinə də təsir edir. Bu məqamlara da diqqət edilməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə