Gələcək kitab oxuyan gənclərin əlindədir - MÜSAHİBƏ

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

-Azərbaycanda əksər gənclərin problemlərindən biri mütaliə ilə bağlıdır. Kim, nə qədər kitab oxuyur, mütaliə niyə gündəlik vərdiş olmaqdan çıxıb, bunu necə aradan qaldırmaq olar? Gəncləri kitab oxumağa necə cəlb edə bilərik?

- Çox doğru sualdır. Həqiqətən də gənclərin mütaliə etməsində müəyyən əngəllər var. Biz bu məsələ üzərində 10 ildir məşğuluq. Müəyyən tədbirlər keçirməklə, informasiyalarla, reklam materialları ilə, televiziyada, mətbuatda çıxışlarla gəncləri mütaliəyə dəvət edirik. Eyni zamanda müəyyən işlər görürük. Bu işlər də son anda gənclərin mütaliəyə cəlb olunmasına təkan verir. Bu da artıq hiss olunmaqdadır.

Son 10 ildir ki, Milli Kitabxananın, Mədəniyyət Nazirliyinin və digər təşkilatların birgə şəkildə apardığı işlər öz bəhrəsini verməyə başlayıb. Gənclərdə kitaba böyük qayıdış var. Yəni, günümüzdə kitaba həvəs artır. Ölkədə sıx aralıqla kitab sərgiləri keçirilir. Bütün bunlar hamısı gənclərin kitab və mütaliəyə cəlb olunmasına xidmət edir.

Demək olmaz ki, gənclər kitab oxumur. Oxuyurlar, amma gəlin görək kifayət qədər oxuyurlarmı? Az və ya çox da olsa oxuyurlar. Amma ümumiyyətlə oxumurlar demək düzgün deyil. Ən azı Milli kitabxanaya gəlsəniz görərsiniz ki, zallarımız gənclərlə doludur. Əgər Milli Kitabxanının oxucularının hardasa 85 faizi gənclərdirsə, bu sevindirici haldır. Mən, həmişə bu rəqəmi fərəhlə qeyd edirəm. Amma oxumaq üçün gənclərə şərait yaradılmalıdır. Milli Kitabxanada gənclər üçün kifayət qədər şərait yaradılıb. Biz burada elə bir təbliğat aparmalıyıq ki, gənclərimiz kitabxanalara üz tutsunlar.

Arzu edirəm ki, bütün kitabxanalarımızda belə şərait yaradılsın. Bu zaman bütün problem həll olar. Əsas məsələ yeni kitabların çapı, ikinci məsələ isə şərait olmasıdır. Yeni kitablar olmasa, köhnə kitabları gənclər oxumur. Çünki ilk öncə müasir gənclik latın qrafikasında oxuyur və latın qrafikasında olan kitablarımız o qədər də çox deyil. Bu sahədə də işlər görülür. Cənab Prezidentin sərəncamı ilə kifayət qədər latın qrafikasında kitablar çap olunub. 700 addan artıq kitab 25 min tirajla çap olunub. Bu böyük bir işdir və gənclərə kitab oxumağa şərait yaradır. Bu proses sürətlə davam edərsə və artarsa gənclərin kitaba qayıtmasına şərait yaradar.

Həmçinin, cənab Prezidentin sərəncamı ilə Kitab və qəzet kağızları üzərindən ƏDV-nin aradan qaldırılması kitab nəşrini sürətləndirərək gənclər üçün yeni kitablar ərsəyə gələcək.

- Sizcə, hazırda kitabların qiyməti nə qədər bahadır? Yəni, maddi məsələlərmi kitab oxumağı əngəlləyir?

- Hər şey nisbi götürülməlidir. Mən deməzdim ki, kitab bahadır. Çünki əgər kitab baha olsa, o alınmaz. Mənə elə gəlir ki, burada kitab biznesi əsas rol oynayır və bizim naşirlərimiz də onu nəzərə alırlar. Onlar çalışırlar ki, kitab baha olmasın ki, onu alan olsun.

Bizim kitab sərgilərimiz olur və bu sərgilərdə kitabı 50 faiz güzəştlə satırlar ki, gənclər ala bilsin. Əgər naşirlər nəşr etdikləri kitabları öz anbarlarında saxlasalar və sata bilməsələr onlar yaşaya bilməzlər. Ona görə də çalışırlar kitabı ucuz etsinlər ki, gənclər oxuya bilsin.

Digər tərəfdən kitabxanaların elektron resursları var. Bu da vacibdir. Bəzən mənə sual verirlər ki, “siz gənclərin elektron, yoxsa ənənəvi kitabdan oxumasının tərəfdarısınız?”. Bir kitabxanaçı olaraq istəyərdim ki, gənclər ənənəvi kitab oxusunlar. Amma bir halda ki, gənclərin marağı elektron kitabadır, bu da onların savadlanmasına kömək edəcəksə qoy oxusunlar. Təki gənclər oxuyub, mütaliə edib kitabla dost olsunlar.

- Milli Kitabxanada hal-hazırda nə qədər kitab var?

- Bu gün kitabxanamızda 5 milyona yaxın kitab və digər nəşrlər mühafizə olunur.

- Azərbaycanda və dünyada kitabla bağlı hansı kampaniyalar keçirilir?

- İlk öncə ölkəmizdən başlayaq. Ölkəmizdə bu kampaniyalar gənclərin və digər insanların mütaliəyə cəlb olunması üçün təşkil edilir. Milli Kitabxanada olan “Açıq kitabxana” da məhz bu konteksdədir. Belə aksiyalar çox olur. Elə həftə yoxdur ki, Milli Kitabxanada kitab təqdimatı olmasın. Bu gənclərin mütaliəyə cəlb olunmasına xidmət edir.

Bütün bunlar dünya təcrübəsində də var. Biz hər il, beynəlxalq kitab sərgisi keçiririk. 10 minlərlə insan şəhər kənarına kitab almaq üçün gedirsə, bu təbii ki kitaba maraqdan irəli gəlir. Artıq biz 7-ci dəfədir ki, bu sərgini keçiririk. Keçən ildən başlayaraq bu sərgilər regionlarda da təşkil olunur. Sumqayıt, Xırdalan, Gəncə və digər regionlar buna misaldır.

Kitabxanaların saytları var ki, burada yeni kitabların siyahıları verilib. Ölkəmiz 2 ildən artıq bir zamanda pandemiya şəraitində yaşadı. Lakin bu dönəmdə Milli Kitabxana 3 milyondan çox oxucuya xidmət etdi. Heç kim deyə bilməz ki, bu 2 il yarım müddətində Milli Kitabxana kiminsə bir sorğusunu cavablandırmadı. Biz çalışdıq ki, hamının sorğusunu ödəyək. Bütün bunlar hamısı ona yönəlir ki, təki insanlar oxusunlar. Biz hətta pandemiya dövründə də gəlib kitabları elektronlaşdırırdıq ki, oxucular faydalansınlar. Xüsusilə gənclər bir yerdən incidilərsə, onlar oraya qayıtmırlar. Ona görə biz çalışırıq ki, gəncləri incitməyək, onlara şərait yaradaq, onların nazı ilə oynayaq. Çünki oxumaq çox vacibdir. Əgər gələcəkdə zəngin ziyalı kimi yetişmək istəyirlərsə mütləq kitab oxumalıdırlar və onlara kömək etmək bizim borcumuzdur.

- Deyirlər ki, uşaq evin güzgüsüdür. Uşaqların və gənclərin kitab oxumasında valideyn faktorunun nə kimi yeri var? Yəni, valideynin burada rolu nədən ibarətdir? Bəs, sizcə burada genetik faktorlar da rol oynayır?

- Çox gözəl sualdır. Burada ən böyük faktor valideyndir. Ümumiyyətlə uşaq elə bilir ki, valideyn hamıdan güclü, savadlı və ağıllıdır. Uşaq da ondan örnək götürür. Əgər evdə valideyn uşağın yanında kitab oxuyursa və yaxud evdə kiçik bir kitabxana düzəldibsə əlbəttə o uşaq oxuyacaq. Əgər evdə uşaq görürsə ki, valideyn telefon və ya başqa boş işlərlə məşğuldur, təbii ki o uşaq da oxumayacaq. Azərbaycan xalqının həyatında örnək çox böyük rol oynayır. Ağsaqqala, böyüyə hörmət, onlardan nəysə qazanmaq bizim milli mentalitetimizin əsas amillərindən biridir. Bunu nəzərdən qaçırmaq olmaz. Ona görə də mən həmişə təklif edirəm ki, valideynlər beşik başından uşaqlara mütaliə öyrətsinlər. Ana beşik başındakı uşağa laylanı və nağılı kitabdan oxumalıdır. Biz fikir verməsək də o uşağın hafizəsində mütləq qalır. Bağçada da uşağa kitab oxudulmalı və məktəbdə də bu davam edilməlidir. Sistemli mütaliə olmalıdır. Uşağın yaş qrupuna, tədbir proqramına və sinifinə uyğun kitablar seçilməlidir. Bütün valideynlərə müraciət edirəm ki, evlərində kiçik də olsa kitabxana yaratsınlar. Uşaq da boş vaxtında kitabı görsün və ona maraq oyansın. Bizim yaşlı nəslin evlərində həmişə özlərinəməxsus kitabxanaları olardı. Onlardan nümunə götürmək lazımdır. Evdə kitab olmalıdır ki, uşaqda mütaliə vərdişləri yaransın.

- İnsan kitab oxumağa neçə yaşından başlamalıdır?

- Məncə insan kitab oxumağa ən azı 5 yaşından başlamalıdır. Lakin 2-3 yaşından valideyn şəkilli kitablarla uşağını mütaliəyə cəlb etməlidir.

- Milli Kitabxanada gələcək illər üçün hər hansı yeni layihələr planlaşdırılır?

- Layihələrimiz çoxdur. Qarabağla bağlı da layihələrimiz var və kitab toplamağa başlamışıq. Layihənin adı “Qarabağa kitabla gedək”dir. Vətəndaşlar, təşkilatlar və məktəblər buraya kitab yollayır. Artıq 100 minə yaxın kitab yığılıb.

Daha sonra “Açıq Kitabxana” layihəsi var. Bu layihənin şəbəkəsini genişləndirmək fikrimiz var.

Gələn il Milli Kitabxananın 100 illik yubileyi olacaq ki, bu münasibətlə də maraqlı planlarımız var. Həmçinin, “Danışan kitablar” adlı bir layihəmiz var. Bu layihənin də artıq rüşeymləri var.

- Kitabxananızda tələbələrə praktika keçilir? Onlara burada nələr öyrədilir?

- Bəli. Milli Kitabxanada həm BDU-nun Kitabxanaçılıq və İnformasiya fakültəsinin, həm Slavyan və həm də ADU tələbələri 3-4 aydır ki, təcrübə keçir. Biz çalışırıq ki, onların kitabxanaya daha çox bələd olmasına nail olaq. Onlarda kitaba məhəbbət yaratmağa çalışırıq. Kitaba məhəbbət yaranan insan onu yaxınlarına təbliğ də edir.

- Gənclərimizə kitablarla bağlı hansı tövsiyyələriniz var?

- Gənclərimiz kitabla dost olsunlar. Kitab oxuyan gənc intellektual cəhətdən inkişaf edir, hazırcavab olur və nitqi zənginləşdirir. Gələcək kitab oxuyan gənclərin əlindədir. Savadlı olmağın yolu kitabdan keçir. Kitabsız gələcək, savad və bilik yoxdur. Gənclər bunu başa düşməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə