İmtahan öncəsi stresə düşməyimizə səbəb nədir? - PSİXOLOQ DANIŞDI

İmtahan öncəsi stresə düşməyimizə səbəb nədir? - PSİXOLOQ DANIŞDI

“Ümumiyyətlə yaşından asılı olmayaraq, hər bir insan imtahandan əvvəl stres yaşayır. Lakin yaşanılan stres hər kəsin öz psixologiyası ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, hər kəsin fərqli xarakteri olduğu üçün onların imtahan öncəsi yaşadıqları hal pozuntusu da fərdidir: “Ümumilikdə arzular, məqsədlər eynidir. Amma bu gedişata, bu yolda olan psixoloji təsir qüvvələri özünməxsusdur. Hər kəs özünəməxsus şəkildə imtahanlara reaksiya verir. Buna görə də ailədə valideynlərdən çox şey asılıdır. Bu dövrdə valideynlərdən olduqca həssaslıq tələb olunur ki, uşaqlarına qarşı diqqətli olsunlar. Onlarla müzakirələrdə hər hansı bir məsələ ilə bağlı çox tələbkar olmasınlar, sərt reaksiya verərək, şərtlər qoymasınlar. Sadəcə başa düşmək lazımdır ki, hər kəsin öz daxili intizamı olmalıdır.

Abitruyentlər istirahət etməyi unutmamalıdırlar. İmtahan prosesi həyatın ən vacib hissəsi deyil. Sadəcə insanlar özləri bu mərhələni bu qədər ülviləşdirir və hədsiz məna yükləyirlər. Bu ailədən və müəllimlərdən qaynaqlanan bir məsələdir.

Əslində isə fərdi yanaşsaq, imtahan adi bir prosesdir, bu il də, gələn il də ola bilər. İmtahanlar insan həyatında, sağlamlığında başlıca amil hesab olunmur. Bunu hər bir şəxs, xüsusilə də abitruyentlər dərk etməlidirlər.
Əslində bu dövrdə yaşananlar stres deyil. İnsanın 11 il, xüsusən də son iki-üç il çəkdiyi əziyyətinin bəhrəsini görmək arzusudur. Bu arzunun alınıb-alınmaması ilə bağlı düşüncələr isə insanları stresə sürəkləyən amildir.

Lakin hər bir insan ona verilən ömrü sakit, maraqlı, rəngarəng, nümunəvi yaşamalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə