Avtomobil hansı hallarda cərimə meydançasına aparılır? - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Avtomobilin cərimə meydançasına aparılması ilə bağlı qaydalar yol hərəkəti haqqında qanunda öz əksini tapıb. Eyni zamanda İnzibati Xətalar Məcəlləsində də bu qaydalar əks olunub”. Bu sözləri SİA-ya açıqlamasında yol hərəkətləri qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, düşünürəm ki, qanunvericilikdə bununla bağlı heç bir boşluq qalmayıb: “Əgər nəqliyyat vasitəsini sürücü sərxoş halda idarə edirsə, bu halda təbii ki, onun yanında ayıq olan bir şəxs yoxdursa, bu zaman nəqliyyat vasitəsi artıq cərimə meydançasına aparıla bilər.

Digər tərəfdən sürücü narkotik vasitənin təsiri altındadır və yanında avtomobili idarə edəcək şəxs yoxdursa və cinayət xarakterli avtomobil qəzasına səbəb olubsa, bu zaman da maşın cərimə meydançasına aparıla bilər. Vətəndaş sürücülük hüququ olmadan avtomobili idarə edirsə, etibarnamə yoxdursa, avtomibilin texniki parametrlərində hər hansı bir qüsur var və bu aradan qaldırıla bilmirsə, bu halda da nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması təmin oluna bilər. Sözsüz ki, bu cərimələrlə bağlı məsələyə də toxunmaq lazımdır. Cərimə təyin olunduğu gündən 2 ay ərzində ödənilmirsə, bu zaman nəqliyyat vasitəsinin saxlanılması barədə qərar çıxarılır. Əgər sürücü yerindəcə kart vasitəsilə ödənişi edirsə, bu zaman artıq avtomobil cərimə meydançasına aparılmaya bilər. Bütün bu məsələləri sürücülərimizin bilməsi onların özləri üçün də olduqca faydalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə