Xocalı soyqırımı ilə bağlı hazırlıq prosesi NECƏ HƏYATA KEÇİRİLİR? - FOTOREPORTAJ

Xocalı soyqırımı ilə bağlı hazırlıq prosesi NECƏ HƏYATA KEÇİRİLİR? - FOTOREPORTAJ

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

Hər il 26 fevral tarixində Bakıda Xocalı prospektində yerləşən “Ana harayı” abidə kompleksinin qarşısında Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi yad edilir.

Hər il park xiyaban ərazisində Xocalı soyqırımının ildönümü ilə əlaqədar olaraq hazırlıq işləri görülür.

Xocalı soyqırımı ilə bağlı “Ana harayı” abidəsinin qarşısında görülən işlərlə bağlı SİA olaraq Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi, humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovun fikirlərini öyrənməyə çalışdıq: "Məlum olduğu kimi Xocalı soyqırımının 30-cu ildönümünü qeyd edirik. Bildiyimiz kimi cənab Prezidentin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı sərəncamı var. Əlbəttə ki, bir müddət əvvəl Xocalı prospektində yerləşən “Ana harayı” abidə kompleksi və həmin kompleksin yerləşdirdiyi park xiyabanda hazırlıq işlərinə başlamışıq. İlk öncə hər şey tam nəzərdən keçirilib.

Bu hazırlıq işi çərçivəsində əsasən işıq dirəkləri, oturacaqlar, güllüklər yenidən rənglənib. Ən əsası isə 50 mindən artıq mövsümi gül və dekorativ kollar əkilib. Hazırda binaların hasarlarının üzərinə Xocalı ilə əlaqədar panellər vurulur. Demək olar ki, görülən işlər yekunlaşıb. Abidə kompleksi və park xiyaban hər kəsə açıqdır”.

Park xiyabanda “Ana harayı” abidə kompleksinə gələnlərin də fikirlərini öyrəndik:

Şəhər sakini Təranə Bayramova: “Mən Xocalıda böyüyüb, boya-başa çatmışam. Xocalı soyqırımında bir çox qohumlarımı itirmişəm. Demək olar ki, hamısı şəhid olub. Xocalı soyqırımında qardaşımı ermənilər əsir götürdü. Qardaşım 27 gün o vəhşilərə əsir düşdü. Qardaşım daha sonra onlardan canını qurtara bilsə də, o əsirlikdən qayıdanda tanınmaz halda idi. Xocalıda demək olar ki, hər kəs bir-biri ilə qohum idi. Bizim çox itkimiz olub. Qohumlarımdan bir neçəsindən hələ də bir xəbər yoxdur. Biz Xocalını unuda bilmərik. Çünki Xocalı unudulası bir hadisə deyil. Xocalı soyqırımı bizim daim yaddaşımızda, ürəyimizdə qalacaq. Mən və ailəm hər il 26 fevral tarixində Xocalı soyqırımını, Xocalı şəhidlərini yad edirik”.

Şəhər sakini Natiq Mustafayev: “30 il bundan öncə Xocalı sakinləri misli görünməmiş soyqırıma məruz qalmışdı. Orada qadın, uşaq, qoca demədən amansızcasına işgəncə vermiş və şəhid etmişdilər. Bu gün 30 il keçməsinə baxmayaraq biz bu hadisələri unutmamamışıq. Bizə qarşı törədilmiş bu soyqrımı bütün dünyaya çatdırmalıyıq. Həmçinin bu istiqamətdə gənclərimizi maarifləndirməliyik. Azərbaycan tarixində Xocalı soyqırımı kimi dəhşətli faciəni görməmişik. Bütün dünya bizə qarşı törədilən bu faciəni görməli və qarşı tərəfə reaksiya bildirməlidir”.

Şəhər sakini Nübar Çıraqova: “O gecə çox dəhşətli bir gecə idi. Bir çoxları Xocalı soyqırımını görməsə də, təsəvvür edir. Amma ki, həmin faciəni öz gözləri ilə gördülər. Həmin gecəni yadma salanda qanım donur. Mənim neçə neçə əzizim, qohumum Xocalıda şəhid oldular. Həmin gecə anaların, bacıların naləsi bütün Xocalını götürmüşdü. Allah bizə o günləri birdaha yaşatmasın”.

Şəhər sakini Orxan Paşa İbadov: “Xocalı faciəsi tariximizin ən qanlı səhifələrindən biridir. Xocalı soyqırımında qohumlarımın bəziləri şəhid oldu, bəziləri isə yaralı idilər. Xocalı soyqırımından sağ çıxan qohumlarım o barədə hələ də bu gün danışa bilmirlər. Xocalı faciəsi bizim ürəyimizdə daim yaşayacaq. Biz bu hadisələri heç vaxt unutmayacağıq”.

Şəhər sakini Gülnar Abdullayeva: “Xocalı bizim ən yaralı yerimizdir. Bu soyqırımı biz unutmamalı, əksinə gənc nəsil arasında maarifləndirmə işləri aparmalıyıq. Mən coğrafiya müəllimiyəm. Hər il şagirdlərimi “Ana harayı” abidəsinin qarşısına gətirirəm. Onları Xocalı soyqırımı və həmin gecə baş vermiş hadisələr barəsində məlumatlandırıram. Həmin soyqırımda şəhid olanlara Allahdan rəhmət, ailələrinə isə rəhmət diləyirəm”.

Şəhər sakini İlhamə Əliyeva: “Kəlbəcər rayonu 33 nömrəli tam orta məktəbin müəlliməsiyəm. Bu gün biz buraya Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı ziyarətə gəlmişik. Xocalı faciəsi hər bir azərbaycanlının ürəyində qapanmayan yara kimi qalıb. Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə