“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” (Heydər Əliyev)
Bu dəyərli fikrin müəllifi hələ 1993-cü ildə gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirən Ümummilli Lider Heydər Əliyev, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırmışdır. O, Azərbaycanın böyüməkdə olan gənc nəslə qayğısını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalamışdır.
“Cavanlıq həyatda zaman vahidi deyil, düşüncə tərzidir”(Uilyam Ceyms)
Ulu Öndər Heydər Əliyev ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 26 iyul 1994 – cü ildə Gənclər və İdman Nazirliyini yaratdı və bu Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Bununlada qədim tarixi ən-ənələrə sahib olan Azərbaycan Respublikası gələcəyə müasir düşüncələrlə inkişaf yolunu seçdi.
“Cavanlıq asan xoşbəxtliklər üçün parlaq bir çağdır”(Albert Kamyu)
Azərbaycanın parlaq və xoşbəxt gələcəyi naminə Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Onun, 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilir. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılır. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Təşkil olunan Forumlardakı Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilir, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulur. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaradır, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir.
Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə, sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür. 1996-cı il 22 iyun tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.
“Gənclərin yetişməsinə əhəmiyyət verin. Çünki bu yolda hər hansı bir məsuliyyətsizlik məmləkətin təməlini məhv edər” (Aristotel)
Müstəqil Azərbaycanın daima möhkəm təməl üzərində əbədiyyən sarsılmaz dayanmasını hər zaman düşünən Dövlət başçısı İlham Əliyev cənabları Azərbaycan gənclərinə belə xitab etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Dövlət başçısı tərəfindən ötən müddət ərzində bu istiqamətdə aşağıdakı sənədlər təsdiq edilmişdir:
- “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər);
- “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”;
- “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı;
- “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”;
- “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı.
Bu və bir sıra digər mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.
“Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var” (Qoqol)
Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsinin hazırlanması nəzərdə tutulmuşdur.
Zamanın hər parçasını millətinə, vətəni adına dəyərləndirən gənclər, uca missiyalarını çiyinlərində daşıyan xalq qəhrəmanlarıdırlar. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”.
Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də, yüksək fəallıq göstəriblər. Buna misal olaraq onu qeyd etmək istərdim ki, Azərbaycan Respublikası sanator-Kurort Reabilitasiya Mərkəzində çalışan işçilərin böyük çoxluğu savadlı, istedadlı və vətənpərvər gənclərdən ibarətdir. Bu səbəbdən də, onlar 2020-ci ilin noyabr ayından bu günədək Mərkəzimizdə qəhrəman qazilərin bərpa və reabilitasiyasında dayanmadan usanmadan qüsursuz xidmətlər göstərmişlər. Qazilərin ayağa qalxaraq, ailələrinə sağlam qovuşub xoşbəxt gələcəklərini yaşamaları üçün öz vəzifə borclarını artıqlaması ilə yerinə yetirmişlər. Sağlam yaşlanmaq böyük sənətdir, daha böyük sənət isə gənc olduğun zaman həyatını xoşbəxt yaşamaqdır. Bütün Azərbaycan gənclərinə xoşbəxt və sağlam gələcək arzu edirəm.
Mürsəl Mürsəlov
Azərbaycan Republikası Səhiyyə Nazirliyi Sanator-Kurort reabilitasiya Mərkəzinin Baş direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB