Universitetə daxil olmaq üçün qəbul üsulunu asanlaşdırmaq lazımdır - EKSPERT NARAZILIĞINI BİLDİRDİ

"Son illər bütün dünyada olduğu kimi Azərbaycanda da təhsil öz fəlsəfəsini, texnologiyasını, ümumiyyətlə inkişaf konsepsiyasını dəyişib. Azərbaycanda da bu proses biraz ağrılı keçib. Bildiyimiz kimi keçmiş sovet, rus təhsil sistemindən yeni modern təhsil sisteminə keçdik. Bununla da qiymətləndirmə meyarları dəyişdirildi, yeni format daxil oldu. Azərbaycanın müstəqillik dövründən indiyə kimi təhsil sistemində bir sıra islahatlar həyata keçirildi". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, tənqidçi ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, bu heç də o demək deyil ki, bu yeniliklər təhsil keyfiyyətinə təsir edib: "İstər pedaqoji kollektiv, istər orta və ya ali təhsil, istər məktəbəqədər olan təhsil müəssisələrinin sanki bu islahatlardan heç birinin xəbəri yoxdur, ya da onlar islahatlara çox çətinliklə gedirlər. Fikirləşirəm ki, bir vaxtlar 65 yaşa qədər olan müəllimlərin işdən çıxarılması ilə bağlı qərar nə qədər ağrılı olsa da düzgün addım idi. Amma biz həmin peşəkar pedaqoqları əvəz edə biləcək kadrları yetişdirə bilmədik. Bu gün yetişdirdiyimiz kadrların səviyyəsi dövlətin özünün də maraqlarına cavab verə bilmir. Bununla bağlı attestasiya keçirildi, müəllimlərin işə qəbulu imtahanlarla həyata keçirildi, rayon təhsil şöbələri ləğv edilərək regional təhsil şöbələri yaradıldı. Eyni zamanda təhsildə həm valideyn, həm ictimaiyyət, həm QHT-lər, həm də müəllim-pedaqoji kollektiv bu islahatların aktiv iştirakçısı olmalı idi, lakin biz bunları görmədik. Amma Azərbaycanda sevindirici faktlar var. Demək olar ki, 99.9% əhalimiz yalnız ya orta, ya da ali təhsillə əhatələnib".

Aydın Xan Əbilov həmçinin qeyd edib ki, Azərbaycan savadlılıq baxımından Şərqdə birinci yeri tutur: "Amma get-gedə bu da zəifləyir. Keyfiyyət önəmli olsa da, biz ən çox kəmiyyətə əhəmiyyət veririk. Məktəblər tikilir, ali məktəblər təşkil olunur. Türkiyə, Fransa, Rusiya və digər ölkələrin təhsil müəssisələri yaradılır. Amma bunların müsbət və mənfi tərəfləri də var. Eyni zamanda dövlət universitetlərinin rəqabət şəklində fəaliyyət göstərməsi əslində təhsilə keyfiyyətcə təsir göstərməli idi. Təəssüflər olsun ki, biz bunu görmürük. Təhsildə əsas hədəf universitetə daxil olmaq yox, universitetə daxil olmaq üçün qəbul üsulunu asanlaşdırmaq və yaxud da qəbul imtahanlarını ləğv etmək lazımdır. Avropada olduğu kimi qəbul imtahanlarını yüngülləşdirib, attestat imtahanı keçirmək və əvəzinə isə buraxılış imtahanlarını sərtləşdirmək lazımdır. Təhsilin əsas hədəfi müxtəli sahələr üzrə ölkənin iqtisadiyyatına xidmət edə biləcək peşəkarlar formalaşdırmaq, intellektual insanları yetişdirib dünya əmək bazarına çıxarmaq, intellektual insanları formalaşdırmaqdır. Bütün bunlar olsa, əlbəttə ki, Azərbaycanda tezliklə çox gözəl bir təhsil konsepsiyasının reallaşmasını görəcəyik".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə