“Hörümçək” sözünün “spayder”lə əvəzlənməsinə BAXIŞ NECƏDİR? - SORĞU

Bildiyimiz kimi Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən “hörümçək” sözü çıxarılıb və spayder sözü ilə əvəz olunub. Bu məsələ mətbuatda sərt reaksiyalarla qarşılandı. Bəs görəsən paytaxt sakinləri bu məsələ ilə bağlı nə fikirləşir? SİA mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib:

Paytaxt sakini Rimma Nəsirova: “Mənim anam tərəf rusiyalıdır. Amma burada doğulub-böyümüşəm deyə Azərbaycan dilini öz ana dilim kimi yaxşı bilirəm. Hər kəsin bildiyi, öyrəşdiyi sözün dəyişdirilməsini düzgün hesab etmirəm. Çünki "hörümçək" sözü hər kəsə məlum olan sözdür. Əgər, bu söz hər kəsə məlum olmasa idi, ya da termin olsaydı, başqa söz ilə əvəz olunmasında heç bir problem olmazdı. Çünki terminlər və yaxud hər kəsə məlum olmayan sözlər gündəlik həyatda istifadə olunmur”.

Paytaxt sakini Orxan Əliyev: “Dilimizə yeni sözlərin əlavə edilməsi ana dilimizin zənginləşməsinə səbəb olur. "Hörümçək" sözünün "spayder" sözü ilə əvəz olunmasının həm müsbət, həm də mənfi cəhətləri var. Müsbət cəhəti odur ki, lüğətimizə yeni sözlərin əlavə edilməsi ilə dilimiz gündən-günə zəngiləşir. Amma mənfi cəhəti də odur ki, "hörümçək" sözü hər kəsə məlum olan bir sözdür və bu sözləri başqa sözlərlə əvəz etdikdə bizim üçün çox çətinliklər yaradır”.

Paytaxt sakini Natavan Məmmədova: “"Hörümçək" sözünün "spayder" sözü ilə əvəz olunması düşünürəm ki, düzgün bir qərar deyil. Çünki "spayder" sözü bizə yad bir sözdür. Hətta o sözü içi mən qarışıq çox adam tələffüz edə bilmir. Ümumiyyətlə hər kəsə məlum olan sözləri, gündəlik istifadə etdiyimiz sözləri başqa sözlə əvəz etmək düzgün deyil”.

Paytaxt sakini Nicat Əliyev: “"Hörümçək" sözünün başqa sözlə əvəz edilməsi düzgün deyil. Bu gələcək nəslə də öz təsirini verəcək. Ümumiyyətlə dilimizdə elə sözlər var ki, dəyişilməməlidir və ya başqa sözlə əvəz olunmamalıdır. Bu dilimizin kəsadlaşmasına səbəb ola bilər”.

Paytaxt sakini Gülşən Əliyeva: “Dilimizə yeni sözlərin əlavə edilməsi çox gözəl haldır. Dilimizdə nə qədər çox söz olsa, o qədər yaxşıdır. Çünki bu dilimizin daha da genişlənməsinə səbəb olur. Amma gündəlik həyatda işlətdiyimiz sözlərin başqa sözlərlə əvəz edilməsi düzgün deyil. Biz "hörümçək" sözünə öyrəşmişik, necə "spayder" deyə tələffüz edək?”.

Paytaxt sakini Sahilə Nəzərova: “Ümumiyyətlə Azərbaycan dilinin özünəməxsus spesifik xüsusiyyətləri var. Amma onu korlamaq düzgün deyil. Lüğətimizdə "hörümçək" sözünün çıxarılması və "spayder" sözü ilə əvəz olunması yolverilməzdir. Bunu düzgün hesab etmirəm”.

Paytaxt sakini Azadə Nağıyeva: “Ümumiyyətlə hər kəsə məlum olan sözlərin dəyişdirilməsi düzgün deyil. Çünki həmin sözlərə dilimiz öyrəşib və başqa sözlərlə əvəz etmək bizim üçün çox çətindir. Bunlardan biri də elə "hörümçək" sözüdür. Düşünürəm ki, "hörümçək" sözünün "spayder" sözü ilə əvəz edilməsi sadəcə dilimizin korlanmasına gətirib çıxardacaq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə