Prezidentimizin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır
“Bu gün minimum əməkhaqqının artırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan sənədi yeni sosial paketin ilk Sərəncamı adlandırmaq olar”. Bunu SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, 2018-ci ildə 130 manat olan minimum əməkhaqqı 2022-ci ildən artaraq 300 manata çatdırılıb: “Bununla paralel olaraq vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqı da artırıldı. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu Sərəncama uyğunlaşdırılacaq. Sərəncamdan da görünür ki, minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq. Artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir”.
A.Hüseynov əlavə edib ki, Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində islahatların növbəti mərhələsinin başlandığını göstərir: “Bu artım son üç ildə sosial sahədə inqilabi xarakter alan, bütün istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların davamıdır. Dövlət başçısının Sərəncamları iləminimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb.Son üç ildə mühüm irəiləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Onu da vurğulayaq ki, minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdırır. Bu qərardan dövlət sektorunda işləyənlər daha çox faydalanacaq. Burada xüsusi qaydada əmək haqqı alanlar istisna olmaqla digər bütün sahələrdə çalışanların maaşı artırılacaq. Bunlar Vahid Tarif Cədvəli üzrə maaş alanlardır ki, bu da elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçiləri əhatə edir.
Qeyd olunanlara istinadən demək olar ki, Prezident İlham Əliyev sosial siyasətlə iqtisadi siyasətin vəhdətini elə bir çevik tərzdə tənzimləyir ki, bu, zəngin dövlət, varlı vətəndaş prinsiplərinə gətirib çıxarsın. Dövlət başçısı İlham Əliyev atdığı addımlar və verdiyi qərarlarla sübut edir ki, Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ölkədə görülən bütün işlər isə yalnız vətəndaşlarımızın və dövlətimizin ali mənafeyinə xidmət edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB