Bakı sakinlərinə Yeni il aksessuarları NEÇƏYƏ BAŞA GƏLƏCƏK? - FOTOREPORTAJ
Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə isə bu, qədim almanlar və romalıların adı ilə bağlı olub. Qriqori təqviminə görə isə yanvar ilin birinci ayı kimi qəbul edilib. Bu təqvim 1852-ci ildə qəbul edilib. Ölkəmizdə də Yeni il təmtəraqlı şəkildə qeyd olunur. Eyni zamanda, 2006-cı ildən başlayaraq yanvar ayının 1 və 2-si bayram günləri hesab edilir və istirahət günü kimi qəbul olunub. Dekabr ayının 31-i bizim üçün başqa bir əhəmiyyətli məna da kəsb edir. Həmin gün həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.
Yeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacı olmadan təsəvvür etmək qeyri-mümkündür. Hələ Miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi.
SƏS İnformasiya Agentliyi olaraq şam ağaclarının (yolka) və yeni il ilə bağlı olan digər aksessuarların qiymətini öyrənmək üçün şəhərin 28 May metrostansiyası yaxınlığında yerləşən, bir neçə gündür fəaliyyətə başlayan yarmarkalara baş çəkmək qərarına gəldik.
Burada Yeni il aksessuarlarının satışı ilə məşğul olan Azər Vaqifoğlunun sözlərinə görə, vətəndaşlar əsasən ucuz mallara üstünlük verir: “Amma biz də çalışdığımız qədər endirimlər edirik. Qiymətləri nəzərə alaraq vətəndaşlar daha kiçik şam ağaclarına üstünlük verirlər. Ümumilikdə isə, şam ağacından daha çox aksessuarların satışı üstünlük təşkil edir. Qarşıdan gələn il "Pələng ili" olduğuna görə maraqlı aksessuarlarımız mövcuddur və bunlar insanların daha çox diqqətini çəkir”.
Digər bir Yeni il aksessuarlarının satışı ilə məşğul olan Elnur Baxışov bildirib ki, hamı ucuz mal istəyir: “Çox baha qiymətdə olan mallarımız da yoxdur. Şam ağaclarının qiyməti 30 manatdan başlayır 50-60-a qədər davam edir. Aksessuarların qiyməti isə 1-10 manat arası dəyişir. Digər yarmarkalara baxanda bizdə qiymətlər daha ucuzdur. 2019-cu ilə nəzərən satış bu il daha zəifdir”.
Yeni ili necə qarşılayacaqları ilə bağlı şəhər sakinləri arasında da sorğu keçirdik.
Şəhər sakini Şəhanə Səfərli: "Keçən il xaric hər zaman evdə şam ağacı bəzəyirik. Hətta bu yeni il ab-havası bizdə daha uzun müddət, yəni dekabrın 1-dən yanvarın 31-nə kimi davam edir. Mütləq hər il noyabrın 27-də Şaxta Babaya məktublarımızı da yazırıq. Ümumiyyətlə, mənim ən sevdiyim bayram elə yeni ildir. Biz nəinki şam ağacı, ümumiyyətlə, bütün evi yeni il ab-havasında bəzəməyə diqqət göstəririk. İndiyə kimi Yeni ili həmişə evimizdə ailəmizlə birgə qeyd etsək də, nə vaxtsa Finlandiya, Sankt-Peterburq, Nyu-York kimi şəhərlərdə də qeyd etmək istərəm".
Şəhər sakini Aris Cabbarlı: "Yeni ili ən gözəl şəkildə keçirməyin yolu ailə və dostlarla birgə olmaqdır. Şam ağaclarının qiymətləri ilə də maraqlanmamışam. Çünki hamımızın evində yaxşı, ya da pis formada şam ağacı və onun aksessuarları da mövcuddur".
Şəhər sakini Fatma Səfərova: "Evdə körpələrimiz olduğu üçün hər il şam ağacını bəzəyirik. Bu il də eyni şəkildə bəzəyəcəyik. Yeni ili isə ailəmizlə birgə keçiririk. Yeni ilə üç övladım, altı nəvəm ilə birgə girəcəyik. Bu bayram həm bizim, həm də uşaqlarımızın bayramıdır. Amma yeni şam ağacı almamışıq. Köhnə şam ağacımızı bəzəyəcəyik. Qiymətlər isə çox bahadır, amma yenə də bəzi yeni aksessuarlar alırıq".
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB