Ağdam rayonunun işğaldan azad olunmasından bir il ötür

Ağdam rayonunun işğaldan azad olunmasından bir il ötür

Ağdam rayonunun işğaldan azad olunmasından bir il ötür. Rayonunun tarixinə nəzər salsaq Azərbaycanın qədim və dilbər bölgələrindən biri olan Ağdam rayonu çoxminillik tarixə malikdir. Qarabağın mərkəzində yerləşən tarixi bölgəmiz qədim insanların yaşayış məskəni olmuşdur. Arxeoloji tədqiqatlar zamanı bu ərazidən Eneolit, Tunc və Dəmir dövrə aid bir sıra maddi-mənəvi abidələr aşkar edilib. Ağdam ərazisində yaşayan Qarqar tayfaları qədim Albaniya dövlətinin yaranmasında önəmli rol oynamışdılar. Azərbaycanın orta əsrlər tarixində də öz mövqeyini qoruyan rayon, Qarabağ xanlığının mərkəzlərindən biri olmuşdur. Qarabağ xanı Pənahəli xan məhz burda Şahbulaq qalasını inşa etdirmiş və xanlığın mərkəzini Bayat qalasından bura köçürmüşdür. Ağdam rayonu Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər, Xocalı, Xocavənd həmçinin, Füzuli rayonları ilə həmsərhəddir. Ağdama 1930-cu ildə rayon statusu verilib.

XX əsrin son rübündə Ermənistan tarixi Azərbaycan torpaqları olan Qarabağ ərazisini və ətrafında yerləşən rayonlarımızı işğal etmək məqsədilə hərbi əməliyyatlara başlamışdır. Mənfur düşmən 1988-1994-cu illəri əhatə edən I Qarabağ müharibəsində torpaqlarımızın 20 faizini işğal etmişdir. İşğala məruz qalmış rayonlardan biridə məhz Ağdam rayonu idi. Rayonu işğal etmək üçün dəfələrlə hücum edən düşmən bu istəyinə 1993-cu ilin iyulun 23-də çatıb. Qəhrəmanlıqla müdafiə olunan rayonun böyük bir hissəsi işğal olunmuşdur. Ağdam uğrunda gedən döyüşlərdə 6.000 nəfərə yaxın azərbaycanlı şəhid olub. Həmçinin burda doğulub böyüyən və I Qarabağ müharibəsində canını fəda edən 17 nəfər, Azərbaycanın Milli Qəhrəmanı adını layiq görülmüşdür.

27 il düşmən tapdağı altında qalan rayon erməni işğalçıları tərəfindən dağıdılmış, tarixi və memarlıq abidələri məhv edilmişdir. 29 iyul 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən erməni qüvvələrinin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul edib. Mənfur düşmən isə bu qətnamənin tələblərinə qətiyyən yerinə yetirməyib. İşğalçı dövlət hətta rayonun adını da dəyişdirib Akna qoymuşdur.

Ermənistan işğal etdiyi torpaqlarımızla kifayətlənməyərək Atəşkəs dövründə də bir neçə dəfə Azərbaycan ərazisinin sərhədlərini pozmağa cəhd etmiş, yeni ərazilər işğal etməyə çalışmışdır. Amma, mənfur düşmənin unutduğu bir məqam var idi. Müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının prezdenti İlham Əliyevin dövründə dövlət möhkəmlənmiş və gülcü ordu qurulmuşdu. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020-ci il tarixində bədnam düşmənin növbəti təxribatına qarşı Azərbaycanın şanlı ordusu əks-hücum əməliyyatlarına başlamışdır. 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan torpaqları işğaldan azad olunmuşdur. 8 noyabr Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra diz çökən düşmən məğlubiyyətini rəsmi şəkildə qəbul etmişdir. 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanata əsasən Ağdam şəhəri işğaldan azad olunmuşdur. 20 noyabrda Azərbaycan ordusu Ağdama daxil olmuş və rayonun təhlükəsizliyi tam təmin etmişdir.

Azərbaycan Respublikasının prezdenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 23-də işğaldan azad edilmiş Ağdam şəhərinə səfər etmişlər. Müzəffər Ali Baş Komandan iyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda dövlət bayrağımızı qaldırıb və burada çıxış etmişdir: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik. Biz Qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazanmışıq və indi durmuşuq öz torpağımızda. Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan əsgərinə! Ağdam bizimdir! Qarabağ Azərbaycandır!

Təbriz Babayev

Xəzər rayonu, 326 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə