Qalib komandanın zəfər çıxışı - MƏQALƏ

2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan ordusu öz ərazilərimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi.

“44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd etdiyim qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı”.

Bu sözləri 11 oktyabr 2021-ci il tarixində Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxış edərkən qeyd edib. Və bu sözlər 30 il haqqı tapdalanmış, sərvətləri talan olmuş, övladları yurd-yuvasından didərgin salınmış ölkənin qalib komandanın müzəffər ordusunun qəhrəman əsgərləri ilə birgə qazandığı haqlı zəfərinin əks-sədasıdır həm də.

Bildiyimiz kimi 1955-ci ildə İndoneziyanın Banduq şəhərində Asiya-Afrika konfrasında Qoşulmama Hərəkatının yaradılması üçün ilk addım atıldı. Bu addımdan altı il sonra 1961-ci ildə Yuqoslaviyanın paytaxtı Belqradda 25 dövlətin nümayəndələrinin rəhbərliyi ilə Qoşulmama Hərəkatı təsis edildi. Azərbaycan müstəqil ölkə kimi 26 may 2011-ci il tarixindən hərəkatın iştirakçısına çevrilmişdir.

Hərəkatın əsas prinsiplərinə nəzər saldıqda görürük ki, dünyada sülhün və əmin-amanlığın təbliği üçün atılan mühüm addımlar məhz bu prinsiplərdə öz əksini tapmışdır. Gəlin prinsiplərdən bəzilərinə, daha doğrusu, beynəlxalq hüquqlarla tənzimlənən, ərazi bütövlüyü pozulan ölkə üçün daha önəmli olanlarına qısa bir nəzər salaq.

1. Dövlətlərin ərazi bütövlüyünə hörmət;

2. Digər dövlətlərin ərazi bütövlüyünə və əsiyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı fəaliyyətdən imtina;

3. BMT Nizamnaməsinə uyğun bütün beynəlxalq mübahisələrin dinc və sülh yolu ilə həll edilməsi.

Bəli bu prinsiplər, həqiqətən də, dəyərli və qorunması lazım olan prinsiplər idi. Amma nə dərəcə əməl olunurdu, bunu demək torpaqları 30 il işğal altında qalmış, vətəndaşlarının suveren hüquqları pozulmuş bir ölkə üçün, əlbət ki, çətin məsələ idi.

İllərlə sülh yoluna ümid edən, bununla yanaşı torpaqlarını mənfur düşməndən azad edə biləcək gücdə olan bir dövlətin ikinci yolu seçməsi hüquqlarının bərpası üçün atılmış, düşünülmüş qərar idi.

Ölkəmizin bu hərəkatın üzvünə çevrildiyinin 10 illiyində torpaqları tamamlanmış şəklində qoşulması həm də Azərbaycan Respublikasının müstəqil ölkə kimi güclənməsinin əyani sübutu olmalıdır. Düşmənin əl atdığı bütün vasitələrin boşa çıxdığı və ədalətin bərqərar olduğu dönəmdə hərəkata sədrliyin ölkə prezidentinin adı ilə bağlı olması zaman keçdikcə Azərbaycan adının hər zaman ön sıralarda çəkiləcəyinə bir işarədir. Bu həm də üzvü olduğumuz bir hərəkatın bütün prinsiplərinə sadiqliyin təminatı kimi də göstərilə bilər.

Fikirlərimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Baş Komandanı İham Əliyevin də 11 oktyabr 2021-ci ildə videoformat zamanı Qoşulmama Hərəkatın sədri kimi çıxışından sitat gətirməklə tamamlamaq istəyirəm.

İlham Əliyev: “Sonda sizi əmin etmək istəyirəm ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir”.

Bəli, özünün legitim hüquqlarını bərpa etməyi bacaran bir ölkə kimi biz beynəlxalq səylərimizi əsirgəməyəcəyik.

Gülnar Şahbazbəyli

Xəzər rayonu, Fuad Fərhadoğlu adına 230 nömrəli məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...