"Bu gün universitetləri bitirən məzunların böyük bir hissəsi əmək bazarının tələblərinə tam cavab vermir və nəticədə iş tapmaqda çətinlik çəkirlər. Son illərdə ali məktəblərə qəbul göstəricilərinin artmasına baxmayaraq, məzunların işlə təmin olunması ilə bağlı ciddi problemlər hələ də qalmaqdadır. Bu vəziyyət həm tələbələr, həm də ölkənin iqtisadi inkişafı üçün əhəmiyyətli mənfi təsir yaradır".
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri universitetlərdə müasir avadanlıqların və infrastrukturun kifayət qədər inkişaf etməməsidir:
"Laboratoriyalar, texniki və praktik təhsil üçün nəzərdə tutulmuş otaqlar köhnə standartlara əsaslanır və müasir texnologiyaların tətbiqi ilə bağlı tələbləri ödəyə bilmir. Bu, xüsusilə texniki ixtisaslar və informasiya texnologiyaları sahəsində təhsil alan tələbələr üçün ciddi maneələr yaradır. Belə tələbələr əlavə kurslar keçmədən əmək bazarında rəqabət qabiliyyətli ola bilmirlər. Buna görə də tələbələr çox vaxt təhsil aldıqları müddətdə universitet xaricində peşəkar mütəxəssislərdən əlavə dərs və təlimlər almağa məcbur olurlar. Bu təlimlər onların real iş mühitinə hazırlığını artırır, praktik bacarıqlarını inkişaf etdirir və əmək bazarında uğur şanslarını yüksəldir. Lakin bu yanaşma hər tələbə üçün əlçatan olmaya bilər, həm də təhsil xərclərini artırır.
Digər vacib məsələ universitetlərlə sənaye müəssisələri arasındakı əməkdaşlığın zəif olmasıdır. Müasir dünya təcrübəsində sənaye-universitet əməkdaşlığı tələbələr üçün praktik təcrübə imkanları, staj proqramları və iş yerlərinə birbaşa çıxış yaradır. Azərbaycanda isə bir çox müəssisələr universitetlərlə müqavilələr bağlayaraq məzunların işlə təmin olunmasına yönəlik kifayət qədər fəaliyyət göstərmir. Bu vəziyyət həm müəssisələrin gələcəkdə ixtisaslı kadr çatışmazlığı yaşamasına, həm də məzunların işsizlik problemi ilə üzləşməsinə səbəb olur.
Buna görə də ali təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun kadr hazırlığı həyata keçirməsi olduqca vacibdir. Universitetlər tədris proqramlarını müasir texnologiyalar və sənaye standartlarına uyğunlaşdırmalı, laboratoriya və praktiki tədris imkanlarını genişləndirməli, eləcə də sənaye müəssisələri ilə sıx əməkdaşlıq etməlidirlər. Bu yanaşma nəticəsində tələbələr həm nəzəri, həm də praktik biliklərlə təchiz olunacaq və iş dünyasına uyğunlaşmaqda daha az çətinlik çəkəcəklər.
Əgər bu istiqamətdə sistemli islahatlar həyata keçirilərsə, bu gün mövcud olan məzun işsizliyi problemi müəyyən qədər azaldıla bilər və ölkənin iqtisadi potensialı daha səmərəli istifadə oluna bilər. Eyni zamanda, bu, gənclərin öz bilik və bacarıqlarını düzgün istiqamətləndirməsinə, həmçinin ölkənin texnoloji və innovasiya sahəsində inkişafına mühüm töhfə verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB