“Müstəqillik günü” - MƏQALƏ

Ötən yüzillikdə xalqımız iki dəfə dövlət müstəqilliyi qazanmışdır. 1918-ci ilin yazında Cənubi Qafqaz hökumətinin Türkiyəyə müharibə elan etməsi və azərbaycanlıların mart soyqırımına məruz qalması Azərbaycan Cümhuriyyətinin yaranmasını zəruri edirdi. Milli Şuranın 1918-ci il may ayının 28-də Tiflisdə qəbul etdiyi “İstiqlaliyyət bəyannaməsi” ilə XIX əsrin əvvəllərində itirilmiş dövlətçiliyimiz Azərbaycan Cümhuriyyəti formasında bərpa olundu. Lakin bu Cümhuriyyətin ömrü çox da uzun olmadı. Belə ki, daxili çəkişmələr, xarici müdaxilələr və digər amillər üzündən Azərbaycan Xalq Cümhuriyyəti az vaxtdan – cəmi 23 aydan sonra süqut etdi.

Ötən əsrin sonlarında xalqımıza yenidən dövlət müstəqilliyinə qovuşmaq səadəti nəsib oldu. Sovet İttifaqı dağıldıqdan sonra 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı parlament “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığa qovuşdu.

Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və başqa dövlətlər tanıdılar.

Müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırdı. Lakin böyük siyasi təcrübəyə malik, xalqın sevimlisi Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı bu qorxulu təhlükəni sovuşdurdu. Müdrik Azərbaycan xalqının tələbi ilə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca iqtisadiyyatda sərbəst ticarət prinsipləri əsas götürülməyə başlandı. Nəticədə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi.

Hazırkı mürəkkəb şəraitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyevin siyasi xəttini və ideyalarını uğurla davam etdirir. Keçən ilin sentyabr ayının 27-də Ermənistan cəbhə boyunca ağır artilleriya və digər atıcı silahlardan istifadə edərək Azərbaycan Ordusunun döyüş mövqelərini və yaşayış məntəqələrini atəşə tutmuşdur. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etmək məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq – Prezident birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillərdən oldu.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi, göstərmək hər birimizin müqəddəs borcudur.

Nazim Məmmədov

Xəzər rayonu, 230 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...