Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin BƏYANATI

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Bu gün biz Azərbaycan tarixinin şanlı səhifəsinə qürurla şahidlik edirik. Düz bir il öncə Azərbaycan xalqı böyük birlik nümayiş etdirərərək müzəffər Ali Baş Komandanın qətiyyəti və Ordumuzun rəşadəti sayəsində 30 il düşmən tapdağı altında olan əraziləri işğaldan azad etdi, suveren hüquqlarını, tarixi ədaləti bərpa etdi.

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir müddətdə - əzəli Azərbaycan torpağlarına köçürüldükləri vaxtdan başlayır. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, çoxluq təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min, 1988-ci ildən isə daha 250 min azərbaycanlı qovulmuşdur.

Qarabağ münaqişəsi isə Azərbaycan kəndlərinin, şəhərlərinin dağıdılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Törədilmiş bu vəhşiliklər erməni faşizminin əsl simasıdır. Xocalı soyqırımı isə öz ağlasığmaz qəddarlığı ilə bütün bəşəriyyətə qarşı cinayətdir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu bütün bu müddətdə ikili yanaşma nümayiş etdirərək məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi isə 27 il kağız üzərində qalmış və icra olunmamışdır.

Azərbaycanın sadiq qaldığı danışıqlar prosesini Ermənistan tərəfi müxtəlif bəhanələrlə əngəlləmiş, müxtəlif təxribatlar törədərək işğal siyasətini davam etdirməyə çalışmışdır. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribata cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində böyük qəhrəmanlıqlar göstərərək ölkənin ərazi bütövlüyünü, beynəlxalq hüququ bərpa etdi, Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına qazanılmış Azərbaycanın şanlı qələbəsinə bütün dünya şahidlik etdi.

Bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün ölkəmizdə Anım Günü kimi qeyd

olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu münasibətlə Azərbaycan xalqı milli həmrəylik nümayiş etdirərək yenilməz Bayrağımızı işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalandırmış, bu yolda canından keçmiş, xalqımıza böyük Zəfərin sevincini yaşatmış əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir. Onların Vətənimiz uğrunda göstərdiyi qəhrəmanlıqlar heç vaxt unudulmayacaq və əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

İşğal vaxtı mənfur düşmən Azərbaycanın yaşayış məntəqələrini dağıtmış, bütün binaları, tarixi-mədəni abidələri sökmüş və talamışdır. Vətən müharibəsi dövründə də Ermənistan təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmiş, Azərbaycan şəhərlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutmuşdur. Nəticədə 100-ə yaxın mülki şəxs həlak olmuş, 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmışdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi hesab edir ki, törətdiyi bütün cinayətlərə görə Ermənistan mütləq beynəlxalq müstəvidə cavab verməlidir.

Həmçinin basdırılmış yüz minlərlə mina işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid yaradır. Mina xəritələrinin tam şəkildə Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətinin növbəti sübutudur. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan hüquqi məsuliyyət daşımalıdır.

Bildiririk ki, Azərbaycanın apardığı konstruktiv siyasət nəticəsində artıq regionda yeni reallıqlar hakimdir. Bu reallıqlar bütövlükdə regionda sülh və təhlükəsizliyə, qarşılıqlı faydalı əməkdaşlığa hesablanıb və Ermənistanın bununla barışması onların özü üçün də çox vacibdir. Ermənistan üçtərəfli Bəyanatın bütün müddəalarını yerinə yetirməli, təxribatlardan çəkinməli, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın çağırışlarına cavab verməlidir”.

AHİK-in üzv təşkilatları

1. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası

2. “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası

3. “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası

4. “Metal-iş” Həmkarlar İttifaqı Federasiyası

5. Aviasiya İşçiləri Həmkarlar İttifaqı

6. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı

7. Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı

8. “Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi

9. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı

10. Dəmiryolçuların Müsəqil Həmkarlar İttifaqı

11. Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı

12. Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı

13. Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı

14. Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı

15. Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi

16. “İnşaat-İş” Həmkarlar İttifaqı

17. Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı

18. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı

19. Metropoliten İşçiləri Həmkarlar İttifaqı

20. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı

21. Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı

22. Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı

23. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı

24. Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı

25. Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı

26. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı

27. Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...