Cənub bölgəsinin əhalisinə 4223 m3 oduncaq tədarük olunub

Cənub bölgəsi üzrə planlaşdırılan odun tədarükünün artıq 65 faizə yaxını yerinə yetirilib. Oduna daha çox tələbatın olduğu cənub bölgəsinin qazlaşdırılmayan 321 kəndinin əhalisini təmin etmək üçün bu günə qədər 4223 m3 oduncaq tədarük olunub. Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

"Masallı rayonunun qazlaşdırılmayan 12 kəndinə 166 m3, Cəlilabad rayonunun qazlaşdırılmayan 68 kəndinə 633 m3, Yardımlı rayonunun qazlaşdırılmayan 74 kəndinə 449 m3, Lənkəran rayonunun qazlaşdırılmayan 26 kəndinə 652 m3, Lerik rayonunun qazlaşdırılmayan 106 kəndinə 1686 m3, Astara rayonunun qazlaşdırılmayan 35 kəndinə 637 m3 oduncaq tədarük edilib", deyə nazir müavini vurğulayıb.

V.Kərimov onu da qeyd edib ki, qazlaşdırılmayan kəndlərin əhalisi Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edərək oduncaq əldə edə bilərlər: "Xüsusi olaraq vurğulayıram ki, qazlaşdırılmayan kəndlərin əhalisinin oduncaq əldə etmək üçün narahatlığını başa düşürük, ona görə də bütün diqqəti əhalinin tələbatının ödənilməsinə yönəltmişik. Narahatedici bir məqam da odur ki, meşələrdəki xüsusi ayrılmış qırma sahələrində aparılan odun tədarükü ayrı-ayrı şəxslər tərəfindən bəzən ictimaiyyətə meşə sahələrində ağacların qanunsuz kəsilməsi kimi təqdim edilir.

Bu şəxslərdən və ictimai fəallardan xahişimiz odur ki, aparılan odun tədarükünü qanunsuz ağac kəsintisi kimi ictimailəşdirib cəmiyyətdə çaşqınlıq yaratmasınlar. Bir daha vurğulayıram, əsas məqsədimiz qazlaşdırılmayan kəndlərin əhalisinin oduncağa olan tələbatını yerinə yetirməkdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...