Sosial şəbəkələrdə tanış olub, ailə quranlara - PAYTAXT SAKİNLƏRİNİN BAXIŞI - SORĞU

İstər qız, istərsə də oğlan müəyyən yaş həddinə gəldikdən sonra ailə qurmaq istəyir. Təbii ki, hər kəs xoşbəxt olmaq ümidi ilə ailə qurur və bunun üçün ilkin olaraq özünə yar axtarır. Bunun üçün əvvəlcə tanışlıq lazımdır. İnsanların bəziləri ata-anasının müdaxiləsi ilə, bəziləri valideyn razılığı olmasa belə, öz sevdikləri insanla ailə qururlar. Bəziləri sosial şəbəklər vasitəsilə öz seçimlərini edirlər. Bəs şəhər sakinləri qız seçimində hansı vasitələri daha münasib hesab edirlər?

Paytaxt sakini Natiqə İsmayılova: “Müasir dövr olmasına baxmayaraq, sosial şəbəkələrdə tanış olub ailə quranlara yaxşı baxmıram. Çünki heç kim bilə bilməz ki, səninlə danışan şəxs necə biridir. Elə bir dövrdür ki, insanlara güvənmək olmur. Mənim iki oğlum var. İkisi də real həyatda görüb, tanıyıb, bəyənib, ailə qurublar. Onların heç vaxt sosial şəbəkədə tanış olub, ailə qurmalarına icazə vermərəm”.

Paytaxt sakini Nurxan Babayev: “Sosial şəbəkədə tanış olub, hətta ailə qurmaq ümumiyyətlə, düzgün deyil. Bir-birini görüb, tanıyıb, sevib ailə qurmaq fikrimcə daha düzgündür. Sosial şəbəkələrdə tanış olub, ailə qurub xoşbəxt olanını görməmişəm. Adətən bu cür insanlar bir neçə müddət keçdikdən sonra yola getmirlər və boşanırlar”.

Paytaxt sakini Atilla Yumak: “Bu çox müəmmalı bir məsələdir. Çünki indiki dövrdə pis insanların sayı yaxşı insanların sayından daha çoxdur. Ona görə də, sosial şəbəkədə tanış olub, ailə quranlara yaxşı baxmıram. Gənclərə də tövsiyyəm budur ki, real həyatda tanış olub, ailə qurmaları daha düzgündür”.

Paytaxt sakini Günel Əliyeva: “Sosial şəbəkələrdə tanış olub, ailə quranlara normal baxmıram. Çünki bir insanı tanımaq illər çəkir. Ona görə də sosial şəbəkədə insanı tanımaq qeyri-mümkündür. Normalda real həyatda tanıdığımız, bildiyimiz insanlarla problem çıxır. Bir insan sosial şəbəkədə tanımadığın, ailəsini bilmədiyin insanla necə ailə qura bilər? Mən özüm heç vaxt sosial şəbəkədə tanış olduğum biri ilə ailə qurmaram. Yaxşı olardı ki, insanlar da real həyatda görüb, bəyəndiyi insanlarla ailə qursunlar”.

Paytaxt sakini Nigar Qəniyeva: “Sosial şəbəkədə tanış olub, ailə qurub və xoşbəxt olanları görmüşəm. Amma bu bildiyimiz kimi çox nadir hallarda olur. Əslində mən buna pis baxmıram. Müasir dövrdür. Hər kəs istədiyini edə bilər. Heç kim heç kimin işinə qarışa bilməz. Sosial şəbəkə tanış olub, həmin insanı daha dərindən tanıdıqdan sonra ailə qurmaqda məncə heç bir problem yoxdur”.

Paytaxt sakini Rüstəm Rəhimov: “Sosial şəbəkədə tanış olub, ailə quranlara yaxşı baxmıram. Çünki insanlar bir-birini yaxşı tanıya bilmirlər. Ən yaxşısı keçmişdəki kimi tanış olub, ailə qurmalarıdır. Çünki həm ailələr bir-birilərini yaxşı tanıyır, həm də gənclər”.

Paytaxt sakini Şəmsiyyə Əhmədova: “Sosial şəbəkədə tanış olmağa yaxşı baxmıram. Tanımadığımız, bilmədiyimiz insanlardır. Biz heç vaxt bilə bilmırik ki, qarşımızdakı insan nə dərəcədə düzgün insandır. Uşaqlarımı da icazə vermərəm ki, heç vaxt sosia şəbəkələrdə tanış olduğu insanla ailə qursun. İndiki dövrdə insan doğmalarına güvənə bilmir. Qalmışdı ki, yad biri olsun”.

Paytaxt sakini Akif İslamov: “Sosial şəbəkələrdə tanış olub ailə quranlara pis baxmıram. Müasir dövrdür. Dövrün də tələbi budur. Müəyyən bir müddət danışıb, bir-birilərini tanıyandan sonra ailə qurmalarında heç bir problem görmürəm”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə