"Covid-19"-un səbəb ola biləcəyi uzunmüddətli təsirlər nədir? - ARAŞDIRMA

Pandemiya nə qədər uzun sürərsə, koronavirusun sağlamlığımıza verdiyi zərər də bir o qədər uzunmüddətli və əhatəli olar. "Covid-19"-a yoluxanlar xəstəliyi keçirdikdən sonra da bir çox simptomlarından şikayət edirlər.

Xüsusilə ağır simptomlarla virusa yoluxanlar sağalma müddətinin uzun olmasından şikayətlənirlər. Koronavirus çoxorqanlı bir virus sayılır. Ağciyərdən başqa böyrək, ürək, qaraciyər və ya beyin kimi bir çox orqanda meydana gələ bilər. Bununla əlaqədar olaraq, "Covid-19" xəstəliyinin müşahidə edilən uzunmüddətli təsirləri də fərqli simptomları ehtiva edir.

Virusun bir çox yeni növü yaranır. Bu səbəbdən "Covid-19" xəstəliyinin uzunmüddətli təsirləri və nəticələri hələ müəyyən edilməmişdir.

Nəfəs darlığından başgicəllənməyə qədər bir çox təsirə səbəb olur.

Xəstəliyə yoluxanların təxminən 80 faizi ya infeksiyanın təsirini hiss etmir, ya da çox az təsir göstərir. Xəstəliyin yüngül olduğu hallarda, koronavirus infeksiyası iki-üç həftə davam edir. Ağır hallarda, kəskin xəstəlik dövrü iki dəfə çox davam edə bilər.

Müxtəlif orqanlarla əlaqəli uzunmüddətli təsirlər müşahidə edilə bilər. Bəzi xəstələrdə, kəskin xəstəlik dövrü keçdikdən sonra daimi yorğunluqdan nəfəs darlığına, nevroloji xəstəliklərə, qəfil qusmaya və ya şiddətli başgicəllənməyə qədər fərqli simptomlar ortaya çıxa bilər.

Bu fenomen "Uzun Covid" və ya "Post-"Covid-19" Sindromu" olaraq da bilinir.. Bununla birlikdə, araşdırmalara görə, xəstələrin təxminən 10 faizi bu cür uzunmüddətli təsirlərdən əziyyət çəkir.

Ciddi bir "Covid-19" xəstəliyindən əziyyət çəkən xəstələr tez-tez uzunmüddətli təsirlərindən şikayətlənirlər. Bir çox xəstə, simptomların başlanmasından bir neçə ay sonra ağciyərlərində dəyişikliklər yaşayır. COVID-19 xəstəliyi zamanı Vuhanda xəstəxanaya yerləşdirilən 1700 xəstənin üzərində aparılan araşdırmada xəstələrin 76 faizi infeksiyadan altı ay sonra ən az bir simptom göstərib. Oxşar nəticələr Almaniyada aparılmış bir araşdırmada da əldə edilmişdir.

Bununla birlikdə, yüngül "Covid" xəstələrində də problem yarana bilir və fərqli simptomlara səbəb ola bilər. Belə xəstələrin bir çoxu sonrakı yaddaş pozğunluqlarından şikayətlənirlər. Eyni şəkildə, koronavirus infeksiyasının tipik bir əlaməti olan dad və qoxu hissinin itirilməsi də uzun müddət davam edə bilər. Yorğunluq ən çox müşahidə edilən simptomlarından biridir. Bu vəziyyətdə olan xəstələr, kəskin "Covid-19" xəstəliyindən sağaldıqdan sonra xroniki yorğunluqdan şikayətlənirlər.

"Covid-19"-dan sonra ortaya çıxan gecikmiş simptomlar, vurduqları zərər baxımından da spesifik deyil və bu mövzuda araşdırmalar hələ də davam edir. Eyni zamanda, zərərçəkmişlərə kömək etmək və yeni məlumatlar əldə etmək üçün tədbirlər görülməyə davam edir. Bu gün, Dünyanın bir çox ölkələrində klinikalarda koronavirusun uzunmüddətli təsirlərindən əziyyət çəkən xəstələrə yardım göstərilməsi üçün "post-Covid" ambulatoriya mərkəzləri qurulmağa başlayıb. Yorğunluq əlamətləri altı aydan çox davam edə bilər.

Davam edən yorğunluq, tükənmə və istəksizlik şəklində öz mahiyyətini göstərir. Yorğunluq xroniki çətinliklərlə ortaya çıxır. Bu təsirin mənşəyi hələ də yetərincə araşdırılmamışdır. Bu təsirdən əziyyət çəkən insanların sağalma müddətində daha aktiv olması məsləhət görülür. Tövsiyyə olunur ki, sakitlik və rahatlama, yüksək məhsuldarlıq, normal gecə-gündüz rejmini qaydaya salsınlar. Eyni şəkildə nəfəs məşqləri etməklə tezliklə bu yorğunluqdan azad ola bilərlər.

Yeni növ koronavirusun dünyada pandemiyaya çevrilməsi ilə birlikdə virusun fizioloji təsiri və qorunma üsulları tez-tez mətbuatda dərc olunmağa başladı. Bununla birlikdə, koronavirus hadisələrinin artması ilə fizioloji təsirlərə əlavə olaraq insanlarda psixoloji təsirlər də var. Virusun yayılmasını azaltmaq üçün tövsiyə olunan üsullar və milli-beynəlxalq tədbirlər gündəlik həyatımızı tamamilə dəyişdirdi. Məktəblər bağlandı, bir çox müəssisə müvəqqəti olaraq bağlandı, idman tədbirləri təxirə salındı, kinoteatrlar və iri ticarət mərkəzləri bağlandı. Elə bir vəziyyət var idi ki, məcbur olmadıqca çölə çıxa bilmədik. Hər kəsin evdə qalması lazım olan bu yeni şəraitə uyğunlaşmaq və bu prosesi heç bir problem olmadan keçmək çətin oldu.

Koronavirusun psixoloji təsirləri həm böyüklərdə, həm də uşaqlarda görülə bilər. Bu müddətdə valideynlərin uşaqları ilə əlaqələri, virusu necə izah etdikləri və bu prosesi necə idarə etdikləri də uşaqların psixologiyasında təsirli olur.

Bu vəziyyətdə ortaya çıxa biləcək psixoloji problemlərdən biri də həddəən artıq nigarançılıq və narahatlıqdır. Bütün dünyanı təsir altına alan yeni virusun olması qorxu və narahatlıq yaradır.

Hər gün yeni növlərin bildirilməsi və yalan məlumatların dolaşması bu qorxu və çaxnaşma vəziyyətini artırır. Elm adamlarının yavaş-yavaş koronavirus haqqında yeni məlumatlar ortaya qoyması, davam edən qeyri-müəyyənlik və virusun sürətlə yayılması bu qorxunun əsas səbəbləridir. Ancaq bu qorxu nəinki xəstəliyə qarşı müdafiəni azaldır, həm də narahatlığı artırır.

Koronavirusun yaratdığı digər psixoloji problem depressiyadır. Dinc hiss etməyinizə səbəb olacaq fəaliyyətlərdən uzaq durmaq insanları depresiv bir ruh halına gətirə bilər. İnsanlar bu depresiv əhval-ruhiyyə üzündən həyatdan zövq ala bilməyən birinə çevrilə bilərlər. Ehtiyac duyduqları həyat rejiminə çata bilməmək, həyatdan təcrid olunmaq və ünsiyyət qura bilməmək depressiyaya səbəb ola bilər.

"Covid-19 yoluxub sağalan insanlarda müəyyən qalıq əlamətləri qalır”. Bunu mövzu ilə əlaqədar SİA-ya açıqlamasında Tibb üzrə fəlsəfə doktoru, həkim-infeksionist Vüqar Cavadzadə deyib.

Həkim infeksionist Vüqar Cavadzadə bildirib ki, xəstəlikdən sonra qalan bu təsirə "Post Covid" sindromu deyilir: “Yəni, "Covid-19"-a yoluxub sağaldıqdan sonra bir çox insanlarda öskürək, boğaz ağrısı, yuxusuzluq, ürək döyüntüsü, əsəbilik, təngənəfəslik və s kimi əlamətlər qala bilər. Onu qeyd edim ki, "Covid-19" keçirən insanlarda daha çox saç tökülməsi kimi əlamətlər müşahidə edilir. Bu sonradan müşahidə olunan təsirlərin davam etmə müddəti də müxtəlifdir. Ən çox görülən simptomlardan iyibilmə və dadbilmə qabiliyyətinin bərpa olunması bəzi xəstələrdə hətta 4-5 ay davam edə bilər. "Covid"-i keçirib sağalan insanlar yenidən koronavirusa yoluxa bilərlər. Təqribən dördə və ya beş aydan sonra yoluxma hadisədi baş verə bilər. Lakin, bu da çox az hallarda müşahidə edilir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...